“Azərbaycanlı məşqçilərə olan münasibət heç də ürəkaçan deyil. Xaricdən məşqçi gətirəndə, deyirlər ki, buna vaxt lazımdır, yaxşı transferlər edilməlidir. Bəs, Vladislav Qədirova vaxt lazım deyil? Heç bunu deyən yoxdur”. Bu sözləri apasport.az saytına “Rəvan” klubunun sabiq baş məşqçisi Vladislav Qədirov söyləyib.
Topaz Premyer Liqasında cari mövsümün II turundan sonra “Rəvan”ın baş məşqçisi postunda Ramil Əliyevi əvəzləyən Qədirovun paytaxt klubuna 3-cü dönüşü də uğursuz oldu. O, 7 turdan sonra Şahin Diniyevlə əvəzləndi. Millimizin sabiq çalışdırıcısı isə qış fasiləsində “sükan”ı türkiyəli Güvənç Kurtara verdi.
“Rəvan”ın ölkə çempionatında Kurtarın rəhbərliyi altında çıxdığı 5 matçdan 3-də uduzub, 2-də heç-heçə etməsi artıq türkiyəlinin də istefasını gündəmə gətirib. Paytaxt klubu növbəti – XXIV turda AZAL-a uduzacağı təqdirdə, baş məşqçi dəyişikliyi gerçəkləşə bilər. Belə bir vəziyyətdə isə ağıla ilk gələn Qədirov olur.
Vladislav bəy bildirib ki, yenidən “Rəvan”ı çalışdırmağın əleyhinə deyil: “Azərbaycan Premyer Liqasında 10 klub var, onların da yarısında əcnəbilər baş məşqçilik edirlər. Biz də haradasa işləməliyik də, bəlkə, səhv deyirəm? Başqaları iş tapanda normal baxırlar. Amma növbə bizə çatanda “Bəhmən Həsənov yenə “Rəvan”a qayıtdı, Vladislav Qədirov yenə döndü” söyləyirlər. Düz deyil, axı. Yenidən çağırsalar, əlbəttə ki, təklifi qəbul edərəm. Niyə də olmasın? Statistikaya baxın. “Rəvan” 23 oyundan 11 xal toplayıb. Həmin 11 xaldan 6-nı mən 7 görüşə yığmışam. 16 qarşılaşmadan isə 5 xal götürüblər”.
Hazırda işsiz qalması Qədirovun “Pro” lisenziyasını almasını da əngəlləyib: “Bu lisenziyanı almaq üçün xarici klubların birində praktikada olmalısan. Gərək, səni ora işlədiyin klub göndərsin. Mən isə işsizəm. Ancaq 6 ay kurslarda olmuşam. Yəni, bu nəzərə alınır. Praktika keçəndən sonra lisenziya alacağam”.
- “Arsenal”dan “Əl-Hilal”a - KLUB TARİXİNİN ƏN BAHALI SATIŞI
- Argentinada Messiyə xüsusi jest – Oyunlar 10-cu dəqiqədə dayandırılacaq
- Ançelotti "Real"ın düşərgəsini ziyarət etdi
- Bosniya futbolunda bir dövr başa çatır – Edin Cekonun son matçı
- Obameyanq hökumətin tənqidindən sonra millidən getdi – “Bu, son damla oldu”