“Bolqarları Bakıda məğlub etmək olar”
07.03.2014 - 10:51
“Bolqarları Bakıda məğlub etmək olar”

“Bolqarıstan millisi yaxşı təsir bağışladı. Bu, ötən tsikldə formalaşan komandadır. Hesab edirəm ki, onlara qarşı oynamaq olar”. Bu sözləri apasport.az saytına Azərbaycan milli komandasının məşqçisi Aslan Kərimov deyib.

Əsas yığmada Berti Foqtsun köməkçisi olan 41 yaşlı mütəxəssis AVRO-2016-nın seçmə mərhələsində millimizlə eyni qrupda mübarizə aparacaq Bolqarıstanın Belarusla yoldaşlıq matçını (2:1) izləmək üçün Sofiyaya ezam olunmuşdu. O, martın 5-də canlı izlədiyi görüşlə bağlı bunları deyib: “Dünya çempionatına vəsiqə qazanmaq şansları olsa da, son oyunlarda uduzaraq, mundiala gedə bilmədilər. Lakin AVRO-2016-nın seçmə mərhələsində Bolqarıstan yığmasının qarşısına ciddi tapşırıq qoyulub. Onlar ən azı 2-ci yeri tutmaq üçün mübarizə aparacaqlar. Rəqibimiz qısa ötürmələrlə oynayan və daha çox topu özlərində saxlamağa çalışan komandadır. Dünən gecə gəldiyimdən hələlik Berti Foqtsa hesabat verməmişəm. Düşünürəm ki, bolqarları Bakıda məğlub etmək olar. Lakin təbii ki, bu, çətin tapşırıqdır”.

Qeyd edək ki, millimiz AVRO-2016-nın seçmə mərhələsində ilk oyununu Bolqarıstan yığmasına qarşı keçirəcək. Matçın bu il sentyabr ayının 9-da baş tutacaq.
 

0