21 yaşadək futbolçulardan ibarət Azərbaycan yığmasının şərəfini qorumaq üçün daha bir almaniyalı milliləşdirilib. Apasport.az saytının məlumatına görə, Frankfurtda təlim-məşq toplanışında olan komandamızın “Pirmasens” klubu ilə görüşünün qəhrəmanı olan Bilal Sezer milliləşənlər siyahısına qoşulub.
4:1 hesablı qələbəyə 2 qolla töhfə verən Almaniya türkü Mönhenqladbax “Borussiya”sının üzvüdür. Əsas yığmamızın baş məşqçisi Berti Foqtsun futbolçu karyerası boyu sadiq qaldığı klubun 20 yaşlı yarımmüdafiəçisi elə bu komandanın yetirməsidir.
Əvvəllər klubun uşaq, sonradan U-17 komandasında oynamış Bilal Regionalliqada çıxış edən U-19-un formasını geyir. Yarımmüdafiəçi burada cari mövsüm 11 matç keçirib. 1 qol vurub. Sezer 2013-cü ildə Türkiyənin U-19 yığmasına da cəlb olunub.