“Böyük komanda kimi oynamalıyıq” - MÜSAHİBƏ
07.10.2014 - 13:04
“Böyük komanda kimi oynamalıyıq” - MÜSAHİBƏ

“Neftçi”nin futbolçusu Nikolas Kanalesin apasport.az saytına müsahibəsi

 

- “Neftçi”yə geri döndükdən sonra sanki “Qara zolağ”a düşmüşdünüz, qol vura bilmirdiniz. "Qaradağ Lökbatan"a 4:1 hesabı ilə qalib gəldiyiniz yoxlama matçında dubl etdiniz. Artıq işlərin qaydasına düşdüyünü düşünmək olarmı?

- Özümə inamı geri qaytarmaq üçün bu qollar çox lazım və vacib idi. Bundan sonra hər şeyin qaydasına düşəcəyinə inanıram. 

 

- Oyunda dubl etsəniz də, penaltini qola çevirə bilmədiniz. 11 metrlik zərbəni vurmağa hazır deyildiniz?

- Penltini yaxşı vurmuşdum. Həmin epizodda qapıçının daha yaxşı oynadığını düşünürəm.

 

- Çempionat oyunlarında qol vura bilməməyinizi nə ilə əlaqələndirirsiniz?

- Komanda indi fərqli şəkildə oynayır. Oyun sistemində çox dəyişiklik baş verib. Taktiki baxımdan baş məşqçi bu dəfə fərqli oyuna üstünlük verir.

 

- Sizin üçün hücumda Ernest Nforla birgə çıxış etmək rahatdır, yoxsa tək oynamaq?

- Elə də ciddi fərq görmürəm. Əsas odur ki, ikinci hücumçu və ya bir qədər arxada qərarlaşanlar mənə kömək eləsinlər ki, çox qol vurum. Hücumda neçə nəfərlə oynamağımızın fərqi yoxdur.

 

- Əvvəlki kimi çıxış edə bilməməyinizin səbəbi dediyiniz dəyişikliklərlə bağlıdır, yoxsa komandaya hələ tam uyğunlaşa bilməməyinizlə?

- Əvvəllər oyun ərzində 10-dan artıq qol epizodu yaradırdıq. İndi bunu edə bilmirik. Əvvəlki kimi, böyük komanda kimi oynamalıyıq.

 

- Azarkeşlər bombardir Kanalesi yenə görə biləcəklərmi? Bunun üçün nə qədər zaman lazımdır?

- Mən münəccim deyiləm, ona görə də konkret bir söz deyə bilmərəm.  Çox işləmək lazımdır. Tezliklə hər şey qaydasına düşəcəyinə inanıram. “Neftçi” böyük komandadı.

 

- Azərbaycana geri döndükdən sonra əvvəlki illərlə müqayisə apardınızmı? Nə dəyişib?

- İldən ilə çempionatınız güclənir. Səviyyə artıb. Komandaların avrokuboklardakı çıxışları da bunu göstərir. “Neftçi”dən sonra “Qarabağ” da Avropa Luqasının qrup mərhələsinə vəsiqə qazandı.  Bütün bunlar isə ölkə futbolunun inkişafının göstəricisidir.