“Böyük oyun”a “Xəzər Lənkəran”ın azarkeşləri üçün çıxacağıq” - MÜSAHİBƏ
12.09.2014 - 12:24
“Böyük oyun”a “Xəzər Lənkəran”ın azarkeşləri üçün çıxacağıq” - MÜSAHİBƏ

“Xəzər Lənkəran”ın yarımmüdafiəçisi Rəşad Sadiqovun apasport.az saytına müsahibəsi

 

- Topaz Premyer Liqasının V turunda “Neftçi” ilə üz-üzə gələcəksiniz. “Böyük oyun”a tam hazırsız?

- Mənə görə bu da adi bir çempionat oyunudur. Biz 3 xal üçün meydana çıxacağıq. “Xəzər Lənkəran” olaraq çempionat oyunları arasında fərq qoymamalıyıq. Əgər fərli düşünsək, o zaman oyunumuz alınmaz. Hər bir matç eynidir və bizə 3 xal lazımdır. Yaxşı hazırlaşmışıq və özümüzü oyuna hazır sayırıq. Çalışacağıq ki, əlimizdən gələni edib qələbə qazanaq.

 

- İlk dəfə “Böyük oyun”da “Xəzər Lənkəran” forması ilə “Neftçi”yə qarşı çıxış edə bilərsiz. Bu sizdə xüsusi bir hiss yaradırmı?

- Yox, heç bir xüsusi hiss yoxdur. Futbolun taleyi belədir. Bir gün burdasan, sabah başqa yerdə. Mənim üçün heç bir fərqi yoxdur. Hansı klubda oynamışamsa, çalışmışam ki, əlimdən gələnin ən yaxşısını edim və komandam qələbə qazansın. Bu görüşə də “Xəzər Lənkəran” azarkeşləri üçün çıxacağıq. Onları qələbə ilə sevindirmək istəyirik.

 

- “Neftçi”dən problemlərlə ayrıldığınızı demişdiniz. Buna görə derbiyə daha yaxşı motivasiya olacağınızı demək mümkündür?

- Yox. Problemlərin hamısı arxada qaldı. Bu məsələlərin üstündən çox keçib. Mən artıq hər şeyi unutmuşam. “Neftçi” yaxşı komandadır. Onlara qarşı motivasiya olmaq da, çətin deyil. Ümumiyyətlə, güclü klublara qarşı köklənmək daha asandır, nəinki zəiflərə qarşı.

 

- Siz “Neftçi” ilə matçı adi bir çempionat oyunu adlandırdız. “Böyük oyun” kimi fikirləriniz necədir? Axı, hər iki komanda arasındakı ilk matçdan prinsipiallıq var...

- Sözsüz, hər iki komanda arasında prinsipiallıq var. Bu, əzəli rəqabət azarkeşlər üçün belədir. Komanda bunu düşünməməlidir. “Neftçi”yə sıradan bir komanda kimi baxıb, meydana çıxmalıyıq. Çünki əksini düşünsək, daha emosional ola bilərik. Bu da bizə baha başa gələr. Daha rahat və soyuq başla oynamaq lazımdır.

 

- “Neftçi”dəki baş məşqçi dəyişikliyi – Arif Əsədovun Böyükağa Hacıyevi əvəzləməsi haqda nə deyə bilərsiniz?

- Bu onların daxili işidir və bizim bu haqda nəsə deməyimiz düz olmaz. Baş məşqçi dəyişikliyinin onlara xeyri olub-olmayacağını da zaman göstərəcək. Biz isə bütün bunlara fikir verməməliyik. Kənar amillər hər şeyi korlaya bilər. Sadəcə, qələbə qazanmağımızı düşünüb çox ciddi hazırlaşmalıyıq.

 

- Bu qarşılaşmanın İsmət Qayıbov adına Bakıxanov qəsəbə stadionuna salınmasını necə qarşıladız?

- Həm “Bakcell Arena”nın, həm də Tofiq Bəhramov adına Respublika stadionunun vəziyyətini görmüşük. Bu arenaların ot örtüyü çox bərbad vəziyyətdədir. Bunlar da Bakıda ən yaxşı stadionlardır. Amma indiki vəziyyətdə bu meydançalarda oynamaq olmaz. Ona görə də matçın İsmət Qayıbov adına Bakıxanov stadionunda  keçirilməsinin tərəfdarıyam. Düzdü, azarkeş tutumu azdır. Amma ot örtüyü daha yaxşı vəziyyətdədir.

 

- “Böyük oyun”lar üçün verilən azarkeş qadağası aradan qaldırılmadı. Sizə azarkeşsiz oynamaq çətin olmayacaq?

- Azarkeş qadağası hər 2 komandaya təsir edir. Lənkəranda da “Böyük oyun” olanda “Neftçi” azarkeşləri gələ bilməyəcək. Təbii ki, fanatlar olmadan oynamaq da çətindir. Adam elə bilir ki, məşqdəsən. Ötən mövsüm olan hadisələrə görə belə qərar verildi. Ümid edirəm ki, qarşıdakı oyunlar üçün bu qərar aradan qaldırılacaq. Çünki hər iki komandanın güclü azarkeş ordusu var və onların tribunda yer alması çox yaxşı olar.

 

- “Xəzər Lənkəran” bu mövsüm heyətinə görə ən iddialı komandalardan sayılır. Amma ilk 4 oyundakı yığdığınız xallara baxsaq, belə demək olmaz...

- Düzdü, ilk 4 oyunun nəticəsi yaxşı olmadı. Sadəcə son turda “İnter” üzərindəki qələbəni qeyd etmək olar. Amma həmin matçlarda yaxşı çıxış etmişik. AZAL-la oyunda 90 dəqiqə ərzində qapımıza cəmi bir zərbə oldu və o da qolla nəticələndi. “Sumqayıt”a qarşı da necə lazımdır oynadıq. 10 nəfər qalsaq da, meydanda üstün olan biz idik. Qol vura bilmədik və məğlub olduq. Bir oyunu qeyd etmək olar ki, zəif oynamışıq. Zaqatalada “Simurq”a qarşı istədiyimiz kimi çıxış edə bilmədik. Mənə elə gəlir ki, bu komanda toparlanacaq və gücünü ortaya qoyacaq. Çünki həm oyunlara baxdıqda, həm də heyətə görə bunu demək olar. Əsas heyətin 7-8 futbolçusu yenidir və istər-istəməz oyunçular arasında anlaşılmazlıq baş verir. Bundan sonra komanda daha da güclənəcək. “Neftçi” üzərində də qələbə qazansaq, əhval-ruhiyyə daha da yüksələcək.

 

- Baş məşqçiniz Oğuz Çətin dedi ki, “İnter” üzərindəki qələbə futbolçularımda özünəinam yaratdı. Bunu təsdiqləyirsiz?

- Komanda qələbə qazananda futbolçuların özlərinə olan inamı artır. “İnter”lə oyundan sonra biz daha yaxşı əhval-ruhiyyədəyik. Çünki ilk III turdakı uğursuzluq bir az kefimizi pozmuşdu. Bir komanda nə qədər qələbə qazanırsa, özünü o qədər güclü hiss edir. “Neftçi” ilə oyunda da bunun davamını gətirmək lazımdır.

 

- Çempionat başladıqdan sonra komandadan 2 hücumçu getdi. Mbilla Etame və Junior Nildonun  getməsi sizi qarşıdakı oyunlarda çətinlik yaratmayacaq?

- Mbilla Etamenin qovulması düzgün qərar idi. O, komandaya hörmətsizlik edirdi. Junior Nildonun da göndərilməsi baş məşqçinin qərarı idi. Onun “Xəzər Lənkəran”da çıxışı alınmırdı.

 

- Ön xətdə bir futbolçu ilə qalmaq “Xəzər Lənkəran”a problemlər yarada bilər. Təkcə Rauf Əliyevlə iddialı şəkildə davam edəcəksiniz?

- Bir çıxış yolu tapıb, oynayacağıq.

 

- Milli komandamızın Rusiya və Bolqarıstana qarşı oyunlarını izlədiniz? Bu qarşılaşmalar haqqında nə deyə bilərsiniz?

- Rusiya ilə oyundan nə danışmaq olar ki? Komanda həddən artıq zəif oynadı. Bolqarıstana gəlincə, elə də güclü heyətə malik deyildilər. Ən azından 1 xal qazanmaq olardı. Sadəcə, yığmamız hesabı 1:1 etdikdən sonra rəqibdən çəkindi və müdafiə olunmağa başladı. Bolqarlar da bundan istifadə etdilər. Onların baş məşqçisi bizim arxaya çəkilməyimizi görüb ikinci hücumçunu meydana buraxdı və istəyinə nail oldu. Nəticədə Bakıdan 3 xalla qayıtdılar. “Bakcell Arena”nın da vəziyyətini gördük. O da komandamızın oyununa təsir etdi. Ümumiyyətlə, bu stadion son zamanlar acınacaqlı vəziyyətdədir.

 

- Bu sual təkrar olsa da, soruşmaq istərdik ki, milliyə dəvət almamağınızın hansısa səbəbi varmi?

- Bunun səbəbini bilmirəm. Heç kim də milliyə çağırılmamağımın səbəbini mənə izah etməyib. Hər dəfə heyət açıqlananda həyəcanla oxuyuruq. Fikirləşirəm ki, bu dəfə adımı orada görəcəm. Amma adımı görmədikdə çox təəssüflənirəm. Yığmada oynamaq, komandaya kömək etmək istəyirəm. Hər dəfə gözləyirəm. Çünki əlimdən başqa heç nə gəlmir. Rusiya və Bolqarıstana qarşı oyunlara dəvət almamağımı mən də anlamadım. Heyət açıqlanandan sonra mənə orda olmamağı çox pis təsir etdi. Klubumda da bütün oyunlarda meydana çıxmışam.

 

- Bəlkə hücumameyilli futbolçu olduğun üçün heyətə çağırılmırsız. Çünki Berti Foqts daha çox müdafiədən oynayan komanda yaradıb...

- Ola bilər ki, Foqts daha çox müdafiəyə diqqət yetirən futbolçuları xoşlasın. Özünüz də görürsünüz ki, Cavid Hüseynov, Vüqar Nadirov kimi futbolçular heyətə düşə bilmir. Onlar da hücumameyilli oyun oynadıqları üçün ehtiyatda qalırlar. Hər məşqçinin öz xoşladığı futbolçular var. Millimizin baş məşqçisi də müdafiəyə diqqət yetirən oyunçuları bəyənir.

 

- Yığmamızın III pilləyə iddia etməsi realdır?

- Bolqarıstanla oyundan öncə mən də belə düşünürdüm. Amma Bakıdakı bu məğlubiyyətdən sonra vəziyyət çətinləşdi. Qrupda indi qalib gələ biləcəyimiz bir komanda var ki, o da Maltadır. Düzdü, Norveç və Bolqarıstandan da xal almaq olar. Lakin ilk oyundakı məğlubiyyət bu iddianın üstündən müəyyən qədər xətt çəkdi.

 

Elsevər MƏMMƏDOV