“Bu iki oyun millimiz üçün əsl imtahan olacaq” - MÜSAHİBƏ
08.10.2014 - 15:15
“Bu iki oyun millimiz üçün əsl imtahan olacaq” - MÜSAHİBƏ

“Xəzər Lənkəran”ın qapıçısı Cahangir Həsənzadənin apasport.az saytına müsahibəsi

 

- Yığmamız AVRO-2016-nın seçmə mərhələsində oktyabrın 10-da İtaliya, oktyabrın 13-də isə Xorvatiya milli komandaları ilə üz-üzə gələcək. Bu oyunlardan nə gözləyirsiniz?

- Həm İtaliya, həm də Xorvatiya çox güclü komandalardır. Bu iki oyun millimiz üçün əsl imtahan olacaq. Çünki bu qarşılaşmalardan sonra yığma komandamızın həm fiziki, həm də psixoloji durumunu dəyərləndirə bilərik. Nəticənin də nə olacağını hamımız birlikdə izləyəcəyik. İtaliya komandasına təzə baş məşqçi gəlib. Antonio Konte yenidir. O, italyanların oyun üslubunu tamamilə dəyişib və aqressiv futbola üstünlük verirlər. Azərbaycan millisinə çətin olacaq. Bir şeyi də nəzərə almaq lazımdır ki, bizim millimiz də “dünənki” komanda deyil. Komandamızda müəyyən dəyişikliklər var. İnkişaf ediblər və əvvəlkindən daha yaxşı oynayırlar. Təcrübə artıb və bu da öz sözünü deyir. Düşünürəm ki, millimizin azarkeşləri üçün maraqlı görüş olacaq.

 

- Bu iki oyundan xal qazana bilərik?

- Hər bir oyundan xal qazanmaq olar. Futbolçularımız var güclərini meydanda qoysalar, 2 oyundan birində heç-heçə əldə etmək olar. İnanıram ki, bu baş verəcək. Yəni rəqiblər asan xal qazanacaqlarını düşünməsinlər. Heç də asan olmayacaq.

 

- AVRO-2004-ün seçmə mərhələsində də İtaliya millisi ilə eyni qrupda yer almışdıq. Həmin matçlarda siz də iştirak etmişdiniz...

- İtaliya millisi həmişə güclü komanda olub. 2004-cü ildə onlarla eyni qrupda idik. Hər iki oyunda rəqibə uduzmuşduq. Ümid edək ki, bu dəfə belə olmayacaq.

 

- İtaliya futbolunun həmişə özünəməxsus xüsusiyyəti olub. Yəni bu ölkənin millisi müdafiə futboluna üstünlük verib. Sizcə, indi də eyni oyunu oynayırlar?

- Məncə, daha təkmilləşmiş formada oynayırlar. Sürətli futbola üstünlük verirlər. Ən vacib isə aqressiv oynamaqlarıdır. Bunun  qarşısını almaq lazımdır. Əgər komandamız onların aqressiv futboluna icazə versə, çox çətin olacaq.

 

- 10 il bundan öncə yığmamızla qarşılaşan İtaliya millisinin heyəti bütünlüklə ulduz futbolçulardan ibarətdir. İndi isə bu komandada elə oyunçular yoxdur. Bu komandamız üçün şans yaradır?

- Düz deyirsiniz ki, indi bu komandada elə ulduzlar yoxdur. Amma bir şeyi nəzərə almaq lazımdır ki, o vaxt bizə qarşı püxtələşmiş ulduz futbolçular oynayırdısa, indi bu komandada gələcəyin ulduzları var. Heyətdə olan hər bir futbolçu özünü göstərmək istəyir. Həmişə onlara necə baxmışıqsa, indi də elə olmalıdır.

 

- Komandamızı üzvləri və məşqçiləri bu seçmə mərhələdə III pilləni tutacaqlarını bildiriblər. Sizcə, bu mümkündür?

- Komanda qarşısına məqsəd qoyubsa, bu yaxşı haldır. Amma daha yüksək pillələr barədə düşünmək lazımdır. İndiki halda 3-cü pilləni tutmaq mümkündür. Reallıqla danışaq ki, ilk iki yerdən birini tutmaq çətindir. Lakin 3-cü yer  tutmaq olar.

 

 

Elsevər MƏMMƏDOV

0