“Çalışırıq ki, onların bu xüsusiyyətini daha da təkmilləşdirək”
14.04.2015 - 15:30
“Çalışırıq ki, onların bu xüsusiyyətini daha da təkmilləşdirək”

“Komandada yorğunluq var idi. Oyun istədiyimiz tempdə alınmasa da, lazım olan nəticəni əldə etdik”. Apasport.az saytının məlumatına görə, bu sözləri 16 yaşadək futbolçulardan ibarət Azərbaycan yığmasının baş məşqçisi Təbriz Həsənov deyib.

 

Bakıda təşkil olunmuş UEFA-nın İnkişaf turnirinin son turunda Yunanıstanla qarşılaşan yığmamızın çalışdırıcısı 3:0 hesablı qələbənin sirrini açıqlayıb. Həsənov AFFA-nın rəsmi saytına açıqlamasında turnirin nəticələrindən də razı qaldığını bildirib: “Qarşımıza 1-ci yer tutmaq məqsədi qoymuşduq və buna nail olduq. Əlbəttə, deməzdim ki, hər şey yaxşıdı. Çatışmazlıqlarımız var. Bunu hər üç oyunda gördük. Növbəti toplanışlarda bu çatışmazlıqları aradan qaldırmağa çalışacağıq. Fiziki hazırlığımızı artırmalıyıq. Müdafiədən yarımmüdafiəyə, yarımmüdafiədən hücuma keçəndə ləngimələr olur. Bundan sonra həm seleksiya işini davam etdirəcəyik, həm də komandanın texniki-taktiki hazırlığını yüksəldəcəyik. Sevindirici haldı ki, məşqlərdə üzərində çalışdığımız standart vəziyyətlərin bəhrəsini gördük. Bu komanda ilə belə qollar çox vurmuşuq. Heyətdə başla dəqiq oynayan uşaqlar var. Çalışırıq ki, onların bu xüsusiyyətini daha da təkmilləşdirək. Eyni zamanda, standart vəziyyətlər zamanı necə müdafiə olunmağı və futbolçuların hansı mövqedə dayanmalı olduğunu başa salırıq. Ancaq bu istiqamətdə nə qədər hazırlıq keçsək belə, yenə də çatışmazlıqların olduğu belə turnirlərdə üzə çıxır”.

 

Qeyd edək ki, yığmamız turnirdə Qazaxıstanı 4:0, Gürcüstanı 2:1, Yunanıstanı 3:0 hesabı ilə məğlub edərək turnirin qalibi olub.