[b]Vüqar Xeyrullayev: Çörəyim rəqəmlərdən çıxır[/b] - MÜSAHİBƏ
29.11.2014 - 13:20
[b]Vüqar Xeyrullayev: Çörəyim rəqəmlərdən çıxır[/b] - MÜSAHİBƏ

Abas Əzimov, Elçin Rüstəmov, Rasim Mövsümzadə... Sizə təqdim etdiyimiz futbol statistiklərinin siyahısında daha bir nəfər yer almalıdır. Təbii ki, söhbət Vüqar Xeyrullayevdən gedir. Tanıyanlar bilir ki, Vüqar ölkənin ən güclü futbol statistiklərindən biridir. Heç kimlə işi yoxdur, işi ancaq rəqəmlərlədir. Hazırda Apasport.az saytında fəaliyyət göstərən Vüqara bu bacarığına görə o qədər adam müraciət edir ki...

Elə biz də müraciət etdik. Ancaq hansısa statistikanı dəqiqləşdirmək üçün yox, müsahibə üçün. Vüqar yenə statistikaya qaçdı. “Bəlkə “apasport”da işə başlamağımın 7 ili tamam olanda götürəsiniz?”. Nə isə, yola gətirə bildik...

 

- Uşaq vaxtlarımdan, futbola baxdığım ilk günlərdən qeydlər edirdim özümdə. Söhbət 1985-86-cı illərdən gedir. Həmin vaxt 9-10 yaşında idim. Kitablar var idi, orda sırf tarixi rəqəmlər olurdu. Həmin kitabları yığıb, oxuyurdum. Təbii ki, onda həvəskar səviyyədə maraqlanırdım. Məktəbdə riyaziyyata meyilli olmuşam. O biri fənlərdə büdrəyə bilərdim, ancaq riyaziyyatı yaxşı oxuyurdum. Rəqəmlərə sevgi orta məktəbdə formalaşıb. Oxuduğum 97 nömrəli məktəbdə dərs keçən müəllimlər bizə təkcə öyrətmir, həm də fənlərə sevgini aşılayırdı. Məndə də rəqəmlərə idi. Statistika ilə maraqlanmağımda 1993-cü ildə Azərbaycan Maliyyə İqtisad Kollecinin məhz Statistika ixtisasına qəbul olunmağım da rol oynayıb.

 

- Nə vaxtdan peşəkar səviyyədə başladın?

- “Futbol+” qəzetində işlədiyim vaxtlardan. Orda başladım bu işə daha ciddi yanaşmağa. “Futbol+”ə gələn gündən statistikanı tapşırdılar mənə. Əsas futbolla bağlı statistikalar tuturam. Digər idman növləri ilə bağlı əlimə maraqlı material düşəndə də atıram arxivimə.

 

- Rəqəmlər yormur səni?

- Yox, əksinə ləzət edir. Elə yazı olur ki, kənardan baxan üçün yaxşı görünür. Amma mənim üçün həmin yazını yazmaq asandır, 3 dəqiqəlikdir. Çünki işimi sistemləşdirmişəm. Mənim özümə elə statistikalar maraqlı gəlmir. Amma elə yazılar da olur ki, üstündə 3 gün, 5 gün əziyyət çəkirəm. Həmin yazılar mənə daha çox ləzzət edir, daha şirin gəlir.

 

- Materiallarının başqası tərəfindən ələ keçməsindən qorxmursan?

- Materiallarımı evdəki kompüterdə saxlayıram. Qorxmuram, çünki əlavə surətləri var (gülürük). Bir aydan bir kompüterdəki yenilikləri əlavə edirəm “fleşka”ya. Bundan əlavə, yazıları bir email adresimdən digərinə göndərirəm. İkincisi də, başqasının əlinə keçsə, qorxulu bir şey yoxdur. Kim deyə bilər ki, həmin adam bunlardan istifadə edə biləcək. Avtomobillər qarajda olur, amma onları idarə edən sürücüdür. Statistikalar kimdəsə olsa da, bunu işləyən statistik olmalıdır. Həm də ki, indiyədək kimə nə lazım olsa, vermişəm. Heç kimə “yox” deməmişəm.

 

- İşini əməlli-başlı ehtiyatlı tutursan ki...

- Hə. İşdəki kompüterimdə isə yüngülvari materiallardır. İş həftəsinin sonunda materialları toplayıb, evdəki əsas materiallara əlavə edirəm. Ümumi arxivdə 2005-06-cı illərdən bəri yazdığım bütün yazılar var. Statistik işini sistemləşdirməlidir. Bilməlidir ki, hansı materialı hansı “papka”ya qoyub. Mənim jurnalist karyeramın böyük hissəsi statistika ilə bağlıdır. Pulum da, çörəyim də elə rəqəmlərdən, statistikadan çıxır.

 

- Klublar bununla bağlı sənə müraciət edirmi?

- İlk dəfə 2007-ci ildə, bəlkə də ondan qabaq, “Qarabağ” və “Neftçi”nin yubileyi ilə bağlı kitablar buraxıldı. Hər ikisini Elçin Rüstəmov yazmışdı. Həmin kitabları buraxanda məni də köməyə cəlb etdilər. Müəyyən dərəcədə əməyim oldu. Klublarla ilk işim bu olub. Oyunlar öncəsi broşür buraxanda da mənə müraciət ediblər. 2006-cı ildən bəri müraciətlər olur. Təkcə klublar deyil, həm də qurumlardan.

 

 

- Yəqin futbolçu və məşqçilər də statistikalarını tutmaq üçün sənə müraciət edirlər...

- Olub. Mahmud Qurbanov karyerasını bitirmək üzrə idi. Onun çempionluq sayı ilə bağlı mübahisə yaranmışdı. Konkret olaraq, 1996-97 mövsümü ilə bağlı. İndi AFFA və PFL o çempionluğu “Neftçi”yə sayır, ancaq həmin vaxt qızıl medallar faktiki olaraq, “Qarabağ”a verilmişdi. Mahmud həmin vaxt “Neftçi”də çıxış edirdi. Bunu da nəzərə alsaq, 11 dəfə çempion olub. Əslində Mahmudun adına daha bir çempionluq əlavə etmək olar. 2003-cü ildə çempionat yarımçıq dayananda “Şəmkir” faktiki olaraq, çempionluğa gedirdi. Yadımdadır, Mahmud Qurbanovla bağlı FİFA-dan açıqlama aldıq. Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyasının (İFFHS) prezidenti Alfredo Pojedən də bu məsələ ilə bağlı münasibət öyrəndik. Dedi ki, bizə görə Mahmud 12 dəfə çempion olub.

Yeri gəlmişkən, 2007-ci ilin fevralından İFFHS-in Azərbaycan nümayəndəsiyəm. Burada qol vuran qapıçılar, evdə məğlubiyyətsiz oyunlar seriyası, qapıçıların quru seriyaları və başqa statistikalar hazırlamışam.

Azərbaycan karyerası bitəndən sonra Georgi Adamiya mənimlə əlaqə saxlayıb ölkəmizdəki karyerası ilə bağlı ətraflı statistikalar istəmişdi. Təbii ki, heç kimə imtina etmədiyim kimi onun da istəyini yerinə yetirdim.

Məşqçilərə gəldikdə bir dəfə Vaqif Sadıqov zəng etmişdi. Deməli, çempionatların birində uzun müddət baş məşqçi o olsa da, sona az qalmış başqa məşqçi ilə əvəzlənib. Maraqlanırdı ki, həmin çempionluq kimə sayılmalıdır?  

Qəzetdə çalışanda millinin hər oyunundan sonra məşqçilərin statistikasını yazırdım. Təbii ki, ordakı nəticələr heç bir məşqçi üçün müsbət sayılmır. Adını açıqlamayacam, bir mütəxəssis sonradan xəbər yolladı ki, bu cədvəli hər dəfə verməyin, nəticələrimin orda çıxmağını istəmirəm.

 

- Rəşad Sadıqovun yığmadakı oyun sayı bir ara əməlli-başlı müzakirə mövzusuna çevrilmişdi...

 - Azərbaycan futbolunda Rəşad Sadıqov və Rəşad Sadiqovun olduğunu biz bilirik. Xaricilər isə bunu dərindən bilmirlər. Təkcə vikipediya deyil, bütün xarici mənbələr Sadıqovun millidəki oyun sayını səhv göstərmişdi. Həmin vaxt Rəşadın özü də zəng edib dedi ki, ən dəqiqi necədir? Mən həmin mənbələrdə olan oyunların siyahısı ilə öz siyahımı tutuzdurdum. Üzə çıxardım ki, Rəşad Sadiqovun 6 oyunu Sadıqovun matç sayına əlavə edilib. Rəşad bu vaxta qədər millidə 94 oyun keçirib və rekordçudur. Həmin ərəfədə “Saxta statistika: “ı” ilə “i”nin fərqi” başlıqlı yazı yazdım. Bundan sonra bir müddət başını buraxdım. Amma bu yaxınlarda, UEFA milli üzvlərini 100 oyun keçirdiklərinə görə təltif edəndə yenidən bu məsələnin üstünə düşdüm. Rəqəm düz olmalıdır axı. Baxdım ki, yenə hər mənbə bir şey yazır. Hətta bir fransız mənbəsində Sadıqovun millidə 107 oyun keçirdiyi göstərilmişdi. Bəlkə də Rəşadları birləşdirib ora əlavə ediblər (gülür). Bundan sonra başladım əl-ayağa düşməyə. Bizdə statistikanın ən böyük mənbəyi “Futbol+”dur. Bütün statistiklər ora ilə çalışıblar. Dedim bəlkə mən səhv edirəm, özüm-özümdən şübhələnməyə başladım. Sonra onlarla dəqiqləşdirdim və məlum oldu ki, məndəki variant düzdür. Dedim, gəlin, ora-bura ilə əlaqə saxlayaq. Rasim Mövsümzadənin xarici qurumlarla böyük əlaqəsi var. Bir dəfə o yazdı, cavab gəlmədi. Axırda ingilis dilində yazdığımız məktubu başladım gündə 3 dəfə email adreslərinə göndərməyə. Nəhayət cavab gəldi ki, bu məlumatı ötürmüşük statistika bölməsinə, cavab yazacaqlar. Sonra hesabladılar və qəbul etdilər ki, onlarda səhv gedib. Norveçlə oyundan öncə səhvlərini düzəltdilər.

 

- Rəşad sənə demədi ki, niyə oyunumun sayını azaldırsan?

 - Yox (gülür). Axı onda o biri Rəşada haqsızlıq olacaqdı. Heç Sadıqovun özü də bunu istəməzdi.

 

- “Neftçi”nin Premyer Liqada mininci qolu ilə bağlı da anlaşılmazlıq yaranmışdı...

 - Başqalarının səhv statistikalar yazması mənə pis təsir edir. Heç yazımı oğurlayanda elə təsir etmir. Amma səhv statistikanı təbliğ edəndə əziyyətimiz yerə vurulmuş olur. Məsələn, “Neftçi”nin Premyer Liqada 1000-ci qolundan xeyli əvvəldən anonsa başladıq – nə bilim 10 qol qaldı, 9, 8 və s. Onda çoxlarının bundan xəbəri yox idi. Amma hələ mininci qol vurulmamış biri yazdı ki, Ruslan Abışovun qolu minincidir. Sonra başqası Fərid Quliyevin qolunu yubiley kimi qələmə verdi. Amma Araz minə çatanda apasport-la “Futbol+” yazdı. “Neftçi” rəhbərliyi buna aydınlıq gətirməkdən boyun qaçırıb hər üç yerli futbolunu mükafatlandıracağını açıqladı. 1 qolu necə 3 nəfər vurub ki? Belə vəziyyətlər adamın əlini soyudur. Amma Premyer Liqanın 10 mininci qolu ilə bağlı PFL-lə birgə hesablamalar apardıq ki, dəqiq olsun. Emil Şükürovla təxminən 1 ay vaxt sərf edib müxtəlif mənbələrdəki səhvləri aradan qaldırdıq. Sonda Elvin Məmmədov tarix qolu vurdu.

 

- Eşitdiyimə görə, “Araz Naxçıvan”ın fəaliyyətini dayandırması statistikaların məhv olacaq deyə, səni əməlli-başlı məyus edib...

 - Bəzi statistiklər var ki, ləğv olunan oyunları da əlavə edirlər. Məsələn, Reynaldo 2 qol vurubsa və matçın nəticəsi ləğv olunubsa, deyirlər onun nə günahı var? Amma bir məqam da var. İlin sonunda ümumi nəticələrlə hesablayanda düz gəlmir. Mən fərqli cədvəllərlə işləyirəm. “Araz Naxçıvan” dağılandan sonra məcbur hamısını yeniləməliyəm.

 

- Bütün statistikaları Excel proqramında işləyirsən?

 - Bəli. 2006-cı ilə qədər statistikaları kağızda işləyirdim. Word proqramında cədvəl yığırdım, sonra onu çapa verirdim, başlayırdım üstündə qələmlə əlavə etməyə və hesablamağa. Təbii ki, orda hesablayanda adamın gözündən qaça da, yazı pozula da bilərdi. 2006-cı ildə keçmiş idman jurnalisti Samir Balaşov mənə zəng etdi ki, emailinə bir şey göndərmişəm, bax ona. Baxdım ki, çox sadə Excel cədvəlidir. Orda oyunçuların qol sayını və oyun cədvəlini hesablamaq mümkün idi. Buna qədər Exceldə işləməmişdim. Başladım yavaş-yavaş öyrənməyə, gördüm ki, işimi xeyli yüngülləşdirir. Fikirləşdim ki, bura əlavə funksiya versək, daha yaxşı olar. Samirin köməkliyi ilə düzəltdik və işimi xeyli təkmilləşdirdim. Yavaş-yavaş özüm də öyrəndim və başladım fərqli cədvəllər düzəltməyə. İndi bütün statistikaları Exceldə yığıram. Hardasa 3 il bundan qabaq forumlara girirdim, Excellə bağlı bilmədiyim sualları verirdim. Orda İqor adında Moskva sakini ilə tanış oldum və onun sayəsində Excelin incəliklərini öyrəndim. O mənə Exceldə elə proqramlar göndərdi ki, işimi yüngülləşdirdi. Əvvəllər 5 saata gördüyüm işi artıq 1-2 dəqiqəyə həll edə bilirdim.

Sizə bir maraqlı hadisə danışım. Jurnalistikaya yeni gələn vaxtlarda mənə bir yazı tapşırdılar ki, Premyer Liqada ən çox klubda oynayan futbolçunu müəyyənləşdir. İndi bunu 2 dəqiqəyə hesablayaram. Onda hər şey vərəqlərdə idi. 2 həftəyə yaxın vaxt sərf edib müəyyənləşdirdim. Sonradan həmin futbolçu narazılıq etdi ki, mən nə edim, ya klubum dağılır, ya da transferə çıxarırlar. Gəl bunu başa sal ki, bu yazı statistikadır (gülür). İlk statistikam da qəzetdə olub. “Futbol+”də işləyərkən çempionatın birinci dövrəsinin yekunlarını hazırlamağı tapşırmışdılar.

 

- Adi həyatda da statistika tutursan?

 - Demək olar ki, hə (gülür). Uzun müddət “Şəfa” stadionuna oyuna baxmağa getmirdim. Hardasa 2-3 il olardı. Həmin vaxtdan sonra “Şəfa”ya gedəndə avtomatik olaraq özümdən soruşdum ki, mən bura axırıncı dəfə nə vaxt və hansı oyunda gəlmişdim? Beynimi eşələdim, yadıma saldım ki, hansı oyunda gəlmişəm (gülürük). Əvvəllər hətta getdiyim oyunlarla bağlı özümdə qeydlər aparırdım. “Futbol+”də işlədiyim dövrdə yazım çıxan bütün qəzetlər evdədir. Hamısını saxlamışam. 1996-cı ildə ilk iş yerim olan “Çağ” qəzetindəki yazılarımı da saxlamışam.

 

- Apasportda nə vaxtdan işləyirsən?

 - 2008-ci ilin yanvar ayından. Təxminən 2 aydan sonra 7 ilim tamam olacaq. “Futbol+”də 4 il 6 ay işlədim. Keçən yay idman jurnalistikasına başlamağımın 10 illiyi oldu.

 

- Bu vaxta qədər apasportda nə qədər yazın çıxıb?

 - (Bir qədər fikirləşir...) İyunda məzuniyyətdə olanda oturub, hesablamışdım bunu (gülürük). Özü də illər üzrə hesabladım. İndiyə qədər apasportda 25 minə yaxın yazım çıxıb. İşdə də rəqəmlərlə bağlıyam. Hər gün yazdığım faylları nömrələyirəm. Yeni faylı açanda bilirəm ki, gün ərzində neçəncidir. Arada ofisdə burdakı staja görə neçənci olduğumu hesablamışdım. “23-lük”də idim.

Bəzən kimlərsə statistikanı sevmədiyini, bunun mənasız olduğunu iddia edir. Amma əslində futbol elə rəqəmlərdən asılıdır. Nəticə də, turnir cədvəli də rəqəmlərdir. Mənim çalışdığım hər yerdə - “Futbol+”də, Apasportda da rəhbərlik – Mahir Rüstəmli, İxtiyar Əsgərov və Vüsal Mahmudov statistikaya həssas yanaşan insanlar olub.

 

- Sonuncu dəfə nə vaxt müsahibə almısan?

 - Mən statistika işinə baxıram. Sonuncu dəfə nə vaxt müsahibə almağım isə yadıma gəlmir. Onu bilirəm ki, ilk müsahibəmi Vaqif Paşayevdən almışam. Uzun illər Mehman Süleymanovla tandem olmuşuq deyə, müsahibə götürməyə o qədər də ehtiyac olmayıb. Mən statistika yazmışam, o da bununla bağlı müsahibə və ya açıqlama alıb.

 

- İşinə görə mükafat aldığın anlar olubmu?

 - Apasportdakı 7 ildə FİFA-dan iki dəfə təşəkkür məktubu almışıq. Birincisi Azərbaycanda keçirilən 17 yaşlı qızların dünya çempionatının işıqlandırılması və yarışa marağa görə, ikincisi isə bu yaxınlarda Azərbaycanın FİFA reytinqindəki səhvi tapıb düzəliş olunmasına nail olduğuma görə. Bundan başqa, qızların çempionatına talisman namizədliyini ilk verən də biz olduq.

 

- Statistika ilə bağlı qarşılaşdığın maraqlı hadisələrdən bir-ikisini danışardın...

 - Elşən Məmmədov “İnter”də oynadığı vaxt vacib görüş öncəsi ondan müsahibə aldım. Dedi ki, cəzalıyam, oynamayacam. Soruşdum ki, sənə kim deyir cəzalısan? Məlum oldu ki, klubun ukraynalı statistiki hesablayıb və bu üzdən Elşən heç matça hazırlaşmayıb da.  Sonradan üzə çıxdı ki, oyunun hakimi matçın protokolunda onun aldığı sarı vərəqəni başqasının adına yazıb. Hakimlər səhv protokolu kopyalayıb, bizə və klub nümayəndələrinə veriblər. Mən redaksiyaya çatmamış hakim zəng vurdu ki, ay Vüqar, filan vərəqəni Elşən yox, Elmar Baxşıyev alıb. Onlar protokolda düzəliş etmişdilər. Mən də etdim. Amma klub da, bəzi həmkarlarım da ilkin varianta uyğun səhv yazmışdılar. Futbolda o qədər məzəli hallarla rastlaşmışam ki. Eyni komandada iki 12 nömrəli futbolçu da görmüşəm. Fasilədə 5-6 futbolçunun formalarını dəyişib başqasının adı ilə meydana çıxmasını da. 14:0, 19:0 hesablarını da.

 

- Son dünya çempionatının ¼ finalında keçirilən Hollandiya – Kosta-Rika oyunu zamanı hollandların baş məşqçisi Lui van Qal penaltilər seriyasından öncə qapı xəttində dəyişiklik edərək, Tim Krula şans vermişdi. Məhz onun 2 seyvi sayəsində hollandlar yarımfinala adlamışdılar. Həmin vaxt yazın çıxmışdı ki, belə hadisə Azərbaycanda da olub...

 - Bəli. Həmin oyun gedə-gedə yadıma saldım ki, belə şey bizdə də olub. Özü də 1 dəfə deyil, çox. Kamran Ağayev “Xəzər Lənkəran”da çıxış edəndə Birlik Kuboku turnirində əvəzlənib, amma o, bir penalti qaytarıb. Krul kimi 2 penalti qaytaran isə “Neftçi” – “Turan” matçında Rauf Salamov olub. Həmin vaxt Rauf “Neftçi”də çıxış edirdi. Yadımdadır, Elxan Həsənovun yerinə meydana girərək, 2 penalti qaytarmışdı.  

Mənbə: lent.az