“Qarabağ”ın Avroliqada növbəti rəqibi olan “Dnepr” dünən rəsmən UEFA-nın İntizam Komitəsi tərəfindən cəzalandırılıb. Apasport.az saytının məlumatına görə, Dnepropetrovsk klubunun Kiyevdə keçirəcəyi növbəti avrokubok matçında stadionunun bir qisminin – fanat sektorunun bağlı olmasına qərar verilib.
Bu cəza Kiyevdə Avroliqanın qrup mərhələsinin ilk turunda sentyabrın 18-də “İnter”lə baş tutan görüşə görə verilib. Belə ki, “Olimpiyski”də baş tutan həmin oyun zamanı ukraynalı azarkeşlər insident törətmişdilər. Bundan başqa, klub 24 min avro cərimələnib. UEFA həmçinin “Dnepr”ə “Rasizm yoxdur” şüarı yazılmış banneri trubunalarda asmağı qarşısına öhdəlik kimi qoyub. “Dnepr”in növbəti oyununun oktyabrın 23-də “Qarabağ”a qarşı keçiriləcəyini xatırlasaq, bu cəzalar həmin matçda tətbiq olunacaq.
Qeyd edək ki, bir müddət əvvəl Ukrayna mətbuatında “Kopenhagen”lə Çempionlar Liqasının oyununda yaşananlara görə “Dnepr”in “Qarabağ”a qarşı Kiyevdə azarkeşsiz oynayacağı və 50 min avro cəzalandırıldığı bildirilirdi. Ancaq sonradan bu cəzanın şərti olduğu üzə çıxdı.