“Gənc futbolçular ondan çox şey öyrənəcək”
07.10.2014 - 14:34
“Gənc futbolçular ondan çox şey öyrənəcək”

AVRO-2016-nın seçmə mərhələsinin oktyabrın 10-da keçiriləcək oyununda Azərbaycan millisi ilə qarşılaşacaq İtaliya yığmasının baş məşqçisi Antonio Konte heyətdəki dəyişikliklərə şərh verib. Apasport.az saytının məlumatına görə, mütəxəssis “Milan”ın yarımmüdafiəçisi Cakomo Bonaventuranın heyətdən kənarlaşdırılmasına və təcrübəli Andrea Pirlonun milliyə dönüşü haqda fikirlərini açıqlayıb.

 

Konte bildirib ki, 35 yaşlı orta sahə oyunçusunun 3 aydan sonra komandaya qayıtması gənclərin xeyrinə olacaq: “Pirlonu hərtərəfli tanıyıram, ustalığına bələdəm. Onun millidə olması hər baxımdan faydalıdır. Komandadakı gənc futbolçular onun yanında inkişaf edəcək, çox şey öyrənəcək, yığmanın gələcəyi olacaqlar. Mən buna çox sevinirəm”.

 

Qeyd edək ki, İtaliya yığması oktyabrın 10-da Azərbaycan, 3 gün sonra Malta ilə qarşılaşacaq.