“Xüsusilə, ikinci hissədə nümayiş etdirdiyi futbola görə komandaya təşəkkür düşür. Çox güclü rəqibə qarşı 82-ci dəqiqəyə qədər bərabər səviyyədə oynaya bildik”. Apasport.az saytının məlumatına görə, bu sözləri 21 yaşadək futbolçulardan ibarət Azərbaycan millisinin baş məşqçisi Bernard Lippert deyib.
Almaniyalı mütəxəssis Avropa çempionatının seçmə mərhələsinin son oyununda Portuqaliyada meydan sahiblərinə 1:3 hesabı ilə uduzan yetirmələrindən razı qalıb: “Uşaqlar əllərindən gələni etdilər. Əlbəttə, əsas milliyə gedən beş futbolçunun olmaması özünü göstərdi. Son iki matçda futbolçuların oyunu, mübarizə əzmi, əzmkarlığı qarşısında deməyə söz tapmıram. Portuqaliyalı həmkarım da oyundan sonra mənə yaxınlaşıb burada ən güclü müqavimət göstərən komandanın Azərbaycan yığması olduğunu bildirdi. Hakimlik barədə danışmağı xoşlamıram, lakin referi bizim buradan xalla qayıtmamağımız üçün əlindən gələni etdi. Çoxlu şübhəli qərarlar verdi. Nədənsə, şübhəli qərarlar ancaq bizim əleyhimizə olurdu. Onu da deyim ki, U-21-də əsas komandaya layiq futbolçular yenə var”.