FİFA-nın açıqladığı son reytinq cədvəli Azərbaycan yığmasının növbəti seçmə oyununda planetin 145-ci komandası ilə görüşəcəyini üzə çıxardı. Apasport.az saytının məlumatına görə, AVRO-2016-nın seçmə mərhələsinin martın 28-də Malta ilə baş tutacaq qarşılaşması komandamızın ikinci “yüzlük”də qərarlaşanlarla 15-ci dueli olacaq.
Belə ki, indiyədək 14 dəfə millimiz FİFA reytinqində 101-ci yerdən daha aşağıda olan rəqiblə seçmə oyununa çıxıb. Bu matçlarda 4 qələbə və 6 heç-heçəsi olan yığmamız 4 dəfə uduzub.
Seçmə mərhələlərdə ən zəif rəqib millimiz önünə reytinqin 165-cisi kimi çıxan Lixtenşteyn olub. Lakin elə həmin matçda da uduzan tərəf komandamız olub – 1:2. İndiyədək daha iki matçda da 4-cü “50-lik”, yəni 151-ci yerdən aşağı olan komanda ilə görüşmüşük. Bir dəfə Lüksemburq, bir dəfə də Lixtenşteyn bu durumda qarşımıza çıxıb.
Elə növbəti oyunumuzdakı rəqib – Maltadan zəiflərlə 3 qarşılaşmamız da həmin görüşlərdi. Daha 1 dəfə isə indiki kimi dünyanın 145-cisi ilə qarşılaşmışıq. Onda bu pillədə Lüksemburq qərarlaşmışdı.
Millimizin seçmə mərhələlərdə ikinci “yüzlük”dən olan rəqibləri
14 oktyabr 1998. Vaduts. AÇ. Lixtenşteyn – Azərbaycan - 2:1 (165)
5 iyun 1999. Bakı. AÇ. Azərbaycan – Lixtenşteyn - 4:0 (134)
1 sentyabr 2001. Kişinyov. DÇ. Moldova – Azərbaycan - 2:0 (103)
9 oktyabr 2004. Bakı. DÇ. Azərbaycan – Şimali İrlandiya - 0:0 (110)
3 sentyabr 2005. Belfast. DÇ. Şimali İrlandiya – Azərbaycan - 2:0 (116)
6 sentyabr 2006. Bakı. AÇ. Azərbaycan – Qazaxıstan - 1:1 (141)
6 iyun 2007. Almatı. AÇ. Qazaxıstan – Azərbaycan - 1:1 (115)
10 sentyabr 2008. Bakı. DÇ. Azərbaycan - Lixtenşteyn - 0:0 (130)
10 oktyabr 2009. Vaduts. DÇ. Lixtenşteyn - Azərbaycan - 0:2 (151)
3 iyun 2011. Astana. AÇ. Qazaxıstan – Azərbaycan - 2:1 (139)
6 sentyabr 2011. Bakı. AÇ. Azərbaycan – Qazaxıstan - 3:2 (126)
22 mart 2013. Lüksemburq. DÇ. Lüksemburq – Azərbaycan - 0:0 (151)
7 iyun 2013. Bakı. DÇ. Azərbaycan – Lüksemburq - 1:1 (145)
11 oktyabr 2013. Bakı. DÇ. Azərbaycan – Şimali İrlandiya - 2:0 (109)
Qeyd: mötərizədə rəqibin oyun öncəsi son reytinqdəki yeri göstərilib.