“İndi hamının fikrindən Qurban Qurbanov keçir” - MÜSAHİBƏ
15.10.2014 - 11:07
“İndi hamının fikrindən Qurban Qurbanov keçir” - MÜSAHİBƏ

AFFA-nın İcraiyyə Komitəsinin üzvü Mahir Məmmədovun apasport.az saytına müsahibəsi

 

- Azərbaycan millisi AVRO-2016-nın seçmə mərhələsi çərçivəsində Bolqarıstanın (0:1) ardınca İtaliya (1:2) və Xorvatiya (0:6) millilərinə də uduzdu. Bu oyunları, xüsusilə Osiyekdə baş tutan matçı necə dəyərləndirərdiniz?

- Yığmamız uğursuz oynadı. Hər şey göz qabağındadı. Biz onsuz da İtaliya və Xorvatiya səfərlərindən 3-4 xalla qayıdacağımızı da gözləmirdik. Hadisələrin bu cür cərəyan etməsinə hazır idik. Çünki həm İtaliya, həm də Xorvatiya çox güclü, dünya çempionatının final mərhələlərində oynayan komandalardı. İtaliya 4 dəfə mundialın qalibi olub. Bəlkə də İtaliyada matçın gedişində hesabın 1:1 olması, haradasa bərabər oyunun getməsi müəyyən mənada Xorvatiya millisinin oyuna çox ciddi yanaşması ilə nəticələnib. Doğurdan, təhlilə ehtiyac var. Fikrimcə, əsas xal itkimiz İtaliya və ya Xorvatiya ilə qarşılaşmalarda olmadı. Komandamız Bolqarıstanla görüşdə lazımı nəticə qazana bilmədi. Belə ağır səfərdə maksimum 1 xala sahib ola bilərdik. Əsas ümidimiz də buna idi.

 

- Yığmamızın uzun müddətdən sonra belə ağır məğlub olmasında günahkar baş məşqçi Berti Foqts, yoxsa futbolçulardı?

- Günahkar axtarmıram, təhlil lazımdı. AVRO-2012 və DÇ-2014-ün seçmə mərhələsində Foqtsun və komandamızın çıxışı təqdirəlayiq idi. Həmin vaxt yer aldığımız qrup da mübarizə aparmağa imkan verirdi. İndi isə rəqiblərimiz çox güclüdü. Təqvim də xeyrimizə deyil. Bolqarıstanla uğurlu oynasaydıq, növbəti 2 ağır səfər sınağı da tam fərqli keçəcəkdi.

 

- Siz günahkar axtarmasanız da, hazırda almaniyalı çalışdırıcı ittiham olunur. İcraiyyə Komitəsinin üzvləri - İsgəndər Cavadovla Mirkamil Rəhimov da Foqtsu ciddi tənqid ediblər...

- Əvvəla “yolun ortasında” kimlərinsə istefasını xoşlayan adamlardan deyiləm. İkincisi, bu məsələyə baxılacaq, gündəlikdə olacaq. Ola bilsin ki, İcraiyyə Komitəsinin üzvlərində fikir formalaşıb.

 

- Ümumiyyətlə, bu məğlubiyyətlərə görə İcraiyyə Komitəsinin növbədənkənar iclası nəzərdə tutulubmu?

- İcraiyyə Komitəsinin iclasını mütləq keçirəcəyik. Ancaq dəqiq vaxtını bilmirəm.

 

- Hansısa mütəxəssisin işini yarımçıq dayandırmasının tərəfdarı olmadığınızı dediniz. Amma konkret olaraq, Foqtsun postunda qalması və ya “sükanı” hazırda gündəmdə olan yerli mütəxəssisə verilməsinə münasibət bildirmədiz...

- Foqtsun işini davam etdirməsini istəyərəm. Amma ola bilsin ki, bizim danışığımıza ehtiyac olmasın. Almaniyalı çalışdırıcı işini davam etdirmək üçün özündə mənəvi güc hiss etməsin və getsin. Hadisələrinin gedişinin belə olması da mümkündü. Amma bir daha deyim ki, yarı-yolda kimisə dəyişməyin tərəfdarı deyiləm. Ümumiyyətlə, bunu istəmirəm. Məsələn, Foqtsun izahatından, daha dərin analizdən sonra hadisələr başqa cür də ola bilər.

 

- Foqts cari mərhələnin startından öncə millimizin final mərhələsinə yüksələcəyini açıqlamışdı. Əgər postunda qalarsa, 3 məğlubiyyətdən sonra sözünə əməl edə biləcəkmi?

- Qrupumuz çox çətindi. Birinci və ikinci yeri də İtaliya və Xorvatiyanın tutacağı aydındı. Onlarla mübarizə aparmaq çox çətindi.  Amma məşqçi “mən 5-ci yerə ümid edirəm” də deyə bilməz. O, bundan öncəki tsiklləri nəzərə alaraq, belə deyib. Çünki məşqçi komandası qarşısında aşağı vəzifələr də qoya bilməz. Foqts da nəticələrin daha da yaxşılaşdırılmasını istəyir.

 

- Foqts bunu istədiyi halda aparıcı oyunçularımızı yığmaya çağırmayıb, əvəzində vətəni Almaniyada aşağı liqalarda mübarizə aparan futbolçuları komandamıza dəvət edir. Bu düzgün addımdırmı və ya belə futbolçuların milliləşdirilməsinə münasibətiniz necədi?

- Bu, dünyəvi bir prosesdi. Əgər həmin futbolçuları millimizə gətirməkdə qondarma deyil, leqal yollar varsa, onların kökündə bizə bağlılıq varsa, ciddi problem yoxdu.

 

- Foqtsla yollar ayrılacağı təqdirdə, yığma çox güman yerli mütəxəssisə tapşırılacaq. Maraqlıdır, Məmmədovun namizədliyini irəli sürəcəyi mütəxəssis varmı?

- İndi hamının fikrindən Qurban Qurbanov keçir. O, doğurdan da püxtələşmiş, hazır mütəxəssisdi. Onu bir şəxsiyyət, bir mütəxəssis kimi çox istəyirəm. Futbolçu olduğu vaxtda da Qurbanın pərəstişkarı olmuşam. Ancaq mən yarı-yolda prosesi pozmağın, dağıtmağın tərəfdarı deyiləm.

 

0