Avstriyada təlim-məşq toplanışında olan “İnter” Macarıstanın “Haladaş” klubundan UEFA-ya şikayət etmək istəyir. Apasport.az saytının məlumatına görə, “bankirlər” yoxlama oyunu keçirməkdən imtina edən Sombathey təmsilçisinin addımından narazı qalıb.
Belə ki, “Haladaş” – “İnter” matçı dünən Bakı vaxtı ilə saat 21:00-a təyin olunmuşdu. Ancaq Avstriya ilə sərhədə yaxın olan Macarıstanın Bük qəsəbəsində baş tutmalı olan qarşılaşma qarşı tərəfin qeyri-peşəkarlığı üzündən baş tutmayıb. Oyundan bir gün əvvəl Macarıstan klubu “futbolçularımız azdır, biz həmin gün məşq edəcəyik” deyərək, görüşdən imtina edib.
Buna görə də “İnter” tərəflər arasında bağlanmış müqaviləni nəzərə alıb “Haladaş”ı UEFA-ya şikayət etmək istəyir. Çünki bu görüşün baş tutmaması komandanın hazırlıq planına təsir edib.
Qeyd edək ki, “İnter” Avstriyada 2 yoxlama oyunu keçirib. Yerli “Buxşaxen” və “Şturm” klublarını müvafiq olaraq 5:0 və 3:2 hesabları ilə yenən təmsilçimiz sabah Slovakiya “Dukla”sı ilə gücünü sınayacaq.