“İnter” Topaz Premyer Liqasının X turunun “Qarabağ”la oyununa ciddi itkilərlə çıxacaq. Apasport.az saytının klubdan əldə etdiyi məlumata görə, “bankirlər”in hücumçusu Baçana Sxadadzenin ölkə çempionatının liderinə qarşı oynamayacağı dəqiqdi.
Baş məşqçi Kaxaber Sxadadze oğlunu son çempiona qarşı oyuna qorumağa çalışsa da, ötən tur “Neftçi” ilə matçın qolsuz davam etməsi onu 81-ci dəqiqədə Nildonun yerinə meydana buraxmağa vadar etmişdi. Amma futbolçu son dəqiqələrdə ciddi zədə almışdı. Böyük ehtimalla futbolçu 2 həftə yaşıl meydanlardan uzaq qalacaq.
“İnter”in digər gürcü futbolçusu olan Laşa Salukvadze də “Qarabağ”a qarşı oynamaya bilər. Belə ki, təcrübəli mərkəz müdafiəçisi “Neftçi” ilə görüşdə Ernest Nforla mübarizə zamanı zədələndiyi üçün 89-cu dəqiqədə İvan Beniteslə əvəzlənmişdi. Artıq “Qarabağ”la matçın məşqlərinə başlayan Salukvadzenin durumuna sabah tam aydınlıq gələcək.
Qeyd edək ki, “İnter” – “Qarabağ” oyunu həm turnir cədvəli baxımdan, həm də bu komandaların müvafiq olaraq, son gümüş və son qızıl medalların sahibi olması baxımdan mərkəzi qarşılaşmadı. “İnter Arena”da keçiriləcək görüş sabah saat 18:00-da başlayacaq.