Polşanın “Legiya” klubunun futbolçusu Vladimir Dvalişvilinin karyerasını Azərbaycanda davam etdirməsində problem yoxdur. Apasport.az saytının məlumatına görə, bunu Varşava təmsilçisinin məşqçisi Kazimir Sikolovski açıqlayıb.
Baş məşqçi Henninq Berqin köməkçisi bildirib ki, polşalılar gürcüstanlı hücumçunu başqa kluba buraxmağın əleyhinə deyil: “Vladimir Azərbaycan, Çin və ABŞ klublarının maraq dairəsindədir. Biz onun başqa klubuna keçməsini mümkün sayırıq. Lakin hər şey danışıqlardan asılı olacaq. Hətta onun yenidən “Legiya”da qalması da istisna deyil”.
Qeyd edək ki, Gürcüstan millisində 23 oyuna 4 qol vuran hücumçu ilə “Qarabağ” maraqlanırdı. Vladimir “Legiya”ya qədər vətənində Tiflis və Batumi “Dinamo”su, həmçinin “Olimnpi”də, İsraildə Hayfa “Makkabi”si, Latviyada “Skonto”, Polşada isə “Poloniya”nın formasını geyib.