“Mançester Yunayted” mövsüm başa çatmamış artıq iki transfer həyata keçirib. Apasport.az saytının İngiltərə mətbuatına istinadən məlumatına görə, “mankunianlar” “Standard”ın qapıçısı İlias Sebtaui və “Valensiya”nın müdafiəçisi Nikolas Otamendi ilə anlaşıb.
16 yaşlı Sebtaui ilə müqavilə də imzalanıb. Belə ki, mərakeşli yeniyetmə qolkiper ingilislərlə 3 illik sazişə qol çəkib. Bu keçidin ada təmsilçisinə hansı məbləğə başa gəldiyi barədə məlumat verilmir.
Otamendiyə gəlincə, argentinalı müdafiəçinin də “qırmızı şeytanlar”a keçəcəyi, demək olar ki, dəqiqləşib. Artıq həm “Valensiya“, həm də Otamendi özü transferə razılıq verib. Bircə qalıb 27 yaşlı oyunçunun rəsmi müqaviləyə qol çəkməsi. İspaniya təmsilçisi bu keçidə görə, 27 milyon funt-sterlinq gəlir əldə edəcək.
Qeyd edək ki, Otamendi bu mövsüm La Liqanın 34 oyununda iştirak edib və 5 qola imza atıb.