“Mançester Yunayted”in işi möcüzəyə qalıb
17.05.2016 - 19:50
“Mançester Yunayted”in işi möcüzəyə qalıb

Bu mövsüm İngiltərə Premyer Liqasında istədiyi nəticələri ala bilməyən “Mançester Yunayted” yekunda böyük ehtimalla Avroliqaya getməyə haqq qazanıb. Apasport.az saytının məlumatına görə, “manukunianlar”ın Çempionlar Liqası şansı çox cüzi də olsa, qalıb.

 

Belə ki, əgər “qırmızı şeytanlar” bu gün son turdan təxirə salınmış “Bornmut”la matçı qazansa, 4-cü pillədə qərarlaşmış həmşəhərlisi “Mançester Siti” ilə xalları bərabərləşdirəcək.

 

Ancaq “şəhərlilər”i keçib 4-cü yerə sahiblənmək üçün Lui Van Qalın yetirmələri ən az 19 qol fərqi ilə qələbə qazanmalıdır. Bu fərqi əldə edə bilsə, komanda Çempionlar Liqasında mübarizə aparmağa haqq qazanacaq.

 

Qeyd edək ki, mayın 15-i baş tutmalı olan “Mançester Yunayted” – “Bornmut” oyunu stadionda bomba həyəcanı səbəbi ilə təxirə salınmışdı.