“Mançester Yunayted”in kapitanı “İnter”də
05.03.2014 - 23:18
“Mançester Yunayted”in kapitanı “İnter”də

 

 

İtaliyanın “İnter” futbol klubu İngiltərənin “Mançester Yunayted” klubunun kapitanı Nemanya Vidiçin alınması barədə rəsmi açıqlama verib. Apasport.az saytının məlumatına görə, 32 yaşlı müdafiəçi 2014-cü ilin yayında sərbəst agent qismində komandaya qoşulacaq.

 

İtaliya klubunun sahibi Erik Toxir bəyan edib ki, serb oyunçunun professionallığı gənc oyunçulara kömək edəcək. Toxirin fikrincə, Vidiçin alınması böyük “İnter”in yaradılmasında daha bir addım olub.

 

“İnter”lə Vidiç arasında razılaşmanın təfərrüatı açıqlanmır. Bundan əvvəl Vidiçin İtaliya klubu ilə 2 illik müqavilə imzalayacağı və hər il üçün 6 milyon avro alacağı iddia edilirdi.

 

Serb müdafiəçi fevralın əvvəlində “Mançester Yunayted”i tərk edəcəyini açıqlayıb. O, bu addımını İngiltərə klubunda keçirdiyi “çox gözəl 8 ildən sonra irəliyə doğru addım atmaq” istəyi ilə izah edib.

 

Vidiç “MY”da 2006-cı ildən çıxış edir. O, bu komanda ilə 5 dəfə İngiltərə çempionu olub, 3 dəfə ölkə Kubokunu qazanıb, 2008-ci ildə isə Çempionlar Liqasında qalib gəlib.