“Bizim üçün hər oyun vacibdi. Azərbaycanla oyunda qalib gəlib, növbəti matça müsbət əhval-ruhiyyədə hazırlaşırıq”. Apasport.az saytının məlumatına görə, bu sözləri Serbiya millisinin qapıçısı Jelko Brkiç deyib.
İtaliyanın “Udineze” klubuna məxsus olub, icarə əsasında “Kalyari”də çıxış edən 29 yaşlı əlcək sahibi Avstriyada Azərbaycan yığmasına qarşı keçirilən yoxlama oyunu haqda fikirlərini açıqlayıb. Brkiç 4:1 hesabı ilə qalib gəldikləri matçda buraxdığı qol zamanı Dmitri Nazarovun zərbəsini görmədiyini qeyd edib: “Azərbaycanla matçdakı nəticə bizə özünəinam hissini artırdı. Düzdü, buraxdığım qol üçün üzülürəm. Həmin vaxt zərbənin vurulduğu nöqtə “bağlı” idi. Nazarovun zərbəsini görə bilmədim. Bu üzdən də heç bir reaksiya verə bilmədim. Xoşbəxtlikdən fasilədən sonra öz oyunumuzu göstərib, qalib gəldik. İstəyinə çatmaq üçün ən yaxşı yol təzyiqi artırmaqdadı. Biz də Avstriyaya qələbə üçün gəlmişdik. Hətta bu matçda yol verdiyimiz səhvlər də bizim Kopenhagendəki oyuna hazırlaşmağımıza müsbət təsir edəcək”.
Qeyd edək ki, Brkiç Serbiya millisində 12-ci oyununu keçirib.