Topaz Premyer Liqasının XXX turu çərçivəsində “Qəbələ”ni qəbul edəcək “Neftçi” oyuna ciddi itkilərlə çıxacaq. Apasport.az saytının məlumatına görə, paytaxt klubu bu görüşdə 4 futbolçusunun xidmətindən yararlana bilməyəcək.
Almaniyada yenicə əməliyyat olunan müdafiəçi Məqsəd İsayevlə yanaşı, zədədən sonra hələ də yüngül qaçışla kifayətlənən hücumçu Ernest Nfor daha bir müddət məşqçilər korpusunun ixtiyarında olmayacaqlar. Suçiçəyi xəstəliyinə yoluxan hücumçu Rauf Əliyev ev şəraitində müalicəsini davam etdirir. “Xəzər Lənkəran”la XXIX tur matçında topuğundan xəsarət alan kapitan Flavinyo da “Qəbələ” önünə çıxa bilməyəcək.
Adıçəkilən 4 futbolçu hətta Azərbaycan Kubokunun yarımfinal mərhələsi çərçivəsində “İnter”lə aprelin 21-də keçiriləcək cavab görüşünü də buraxacaq.
Qeyd edək ki, “Neftçi” – “Qəbələ” oyunu aprelin 17-də “Bakcell Arena”da keçiriləcək.