“Neftçi” “Xəzər Lənkəran” önünə “ağ səhifə” ilə çıxmaq istəyir
14.03.2014 - 11:51
“Neftçi” “Xəzər Lənkəran” önünə “ağ səhifə” ilə çıxmaq istəyir

“Neftçi”də nizam-intizam qaydasına düşməkdədir. Apasport.az saytının məlumatına görə, son ölkə çempionu XX turda “Xəzər Lənkəran”a qarşı keçirdiyi səfər matçında yol verdiyi intizamsızlıqlardan dərs çıxarıb.

 

Bunu “ağ-qaralar”ın XXIV turda “Qarabağ” və XXV turda “Qəbələ” ilə görüşlərində cəmi 2 sarı vərəqə alması göstərir.

 

Ancaq Qəbələdə baş tutan gərgin qarşılaşmada Mahir Şükürovun 82-ci dəqiqədə əllə oynaması ona baha başa gəlib. Çünki millinin müdafiəçisi cari mövsümdə 7-ci sarı vərəqəsini alıb ki, bu da onun digər komanda yoldaşları kimi cəzanın astanasına gəlməsi deməkdir.


XXVI turun AZAL-la oyunu öncəsi “Neftçi”də cəzanın astanasında olan futbolçuların sayı 10-a çatıb. Həmin oyunçular bunlardır: Araz Abdullayev, Elvin Yunuszadə, Mahir Şükürov, Ernest Nfor, Denis Silva, Karlos Kardoso, Flavinyo, Bruno Bertuççi, Rəşad Sadiqov, İqor Mitreski.
 

Bu futbolçulardan hər hansı biri bazar günü “Bakcell Arena”da sarı vərəqə alarsa, “Rəvan”la növbəti turda keçiriləcək görüşü buraxmalı olacaq. Ancaq “Neftçi” futbolçularının AZAL-la matçda qəsdən sarı vərəqə almaq imkanları da var. Çünki autsayderlərdən olan “Rəvan”la matçı buraxmaqla martın 29-da əzəli rəqib olan “Xəzər Lənkəran” önünə “ağ səhifə” kimi çıxmaq mümkündür.