“Neftçi” çətin durumda
06.03.2014 - 18:02
“Neftçi” çətin durumda

“Neftçi” ardıcıl 3 mövsümdən sonra çətin günlərini yaşamaqdadır. Apasport.az saytının məlumatına görə, cari mövsüm intizamsızlığı ilə seçilən ölkə çempionu hazırda bunun cəzasını çəkir.

 

Flaqman Premyer Liqanın XXV turunda hazırda çempionatın 2-ci pilləsində qərarlaşmış “Qəbələ”nin qonağı olacaq. Ancaq komanda bu matçda rəqibə nisbətən daha çox ehtiyacı olduğu 3 xalı almaqla yanaşı vərəqə almamağa çalışmalıdır. Çünki əks halda, “Neftçi” XXVI turda AZAL önünə çıxarmaq üçün futbolçu tapmaya və ya yenə “Sumqayıt”la matçda olduğu kimi əvəzedici heyətin üzvlərindən yararlana bilər.

 

Belə ki, “Qarabağ”la oyun öncəsi 7 futbolçusu cəzanın astanasında idi. Bu üzdən “Neftçi”nin bu “7-liy”i böyük hesabla (1:4) yenildikləri həmin matçda vərəqə limitini pozmamağa çalışıb. Yalnız paraqvaylı Erik Ramos sarı vərəqə alıb ki, o da 7 futbolçu arasında olmadığından, “Qəbələ”yə qarşı oynaya biləcək.

 

“Neftçi”ni sevindirən məqam “Xəzər Lənkəran”ın hücumçusu Ağabala Ramazanovu “cəzalandırdıqlarına görə” 4 oyunluq məcburi istirahətə göndərilən braziliyalı müdafiəçilər – Karlos Kardoso ilə Bruno Bertuççinin qayıtmasıdır. Ancaq bu futbolçular da qayıtmaları ilə bərabər “Neftçi”nin dərdinə dərd qatıb. Məsələ burasındadır ki, “Xəzər Lənkəran”la oyundan əvvəl 3 sarı vərəqə almış hər 2 oyunçu da cəza astanasındadır. Beləliklə, “Neftçi”də cəza astanasında olan futbolçuların sayı 9-a çatıb.

 

Bəs görəsən, həmin oyunçular kimlərdir. “Apasport” “Qəbələ” ilə matçda alacaqları “sarı”ya görə AZAL ilə matçı buraxacaq “Neftçi” futbolçularının adlarını təqdim edir: Araz Abdullayev, Elvin Yunuszadə, Ernest Nfor, Denis Silva, Karlos Kardoso, Flavinyo, Bruno Bertuççi, Rəşad Sadiqov, İqor Mitreski.

 

Qeyd edək ki, “Neftçi”nin cari mövsüm ən intizamsız futbolçusu Erik Ramosdur. O, cari mövsüm ümumilikdə 9 sarı vərəqə almaqla 2 dəfə cəzalı duruma düşüb.   

0