“Neftçi” sabah ölkə kubokunun 1/4 final mərhələsi çərçivəsində “İnter”lə oyuna 3 əsas futbolçusu olmadan çıxacaq. Apasport.az saytının məlumatına görə, bunlar serbiyalı Saşa Stamenkoviç, Mahir Şükürov və Cavid İmamverdiyevdir.
Hər 3 futbolçu ötən mövsüm etdikləri hərəkətlərinə görə “İnter”lə derbi matçına çıxa bilməyəcək. Belə ki, Saşa və Mahir ötən mövsüm ölkə kubokunun “Xəzər Lənkəran”la final görüşündən sonra cəzalandırılmışdı. Stamenkoviç qeyri-etik hərəkətə görə 3, Şükürov isə qarşılaşma başa çatdıqdan sonrakı dava-dalaşda iştirak etdiyinə görə 6 oyunluq cəzalandırılmışdı.
1/8 finalda “Kəpəz”lə (1:0) matçda cəzalarından birini azaldan hər 2 futbolçu “İnter”lə cavab qarşılaşmasını da buraxmalı olacaq. Ümumiyyətlə, “Neftçi” yarımfinala çıxarsa, Stamenkoviç cəzasını başa vuraraq meydana çıxa biləcək. Ancaq serbiyalı qapıçıdan fərqli, cari kubok mövsümü Mahir üçün başlamamış bitib.
Cavid İmamverdiyev də ötən mövsüm ölkə kubokunda etdiyi hərəkətin cəzasını çəkir. 21 yaşadək millimizin üzvü 1/4 finalın Zaqatalada “Simurq”la keçirilən ilk görüşündən sonra Nenad Kisonun üzünə tüpürmüşdü. O, buna görə 6 oyunluq cəza almışdı. “Neftçi” ötən mövsüm finala kimi irəlilədiyi və cari mövsüm 1/8-də “Kəpəz”lə qarşılaşdığı üçün bu cəzalardan 5-i artıq arxada qalıb.
Beləliklə, İmamverdiyev digər 2 komanda yoldaşından fərqli, “Bakcell Arena”da keçiriləcək “İnter”lə cavab matçında “Neftçi”nin sıralarına qayıda biləcək.
Qeyd edək ki, “İnter” – “Neftçi” oyunu sabah saat 19:00-da “Şəfa” stadionunda keçiriləcək.