“Neftçi” rekord, “Simurq” ilk arzusunda
12.03.2015 - 12:50
“Neftçi” rekord, “Simurq” ilk arzusunda

Sabah keçiriləcək Azərbaycan kubokunun 1/4 final mərhələsinin cavab oyunları yarımfinalçıların adlarına aydınlıq gətirəcək. Apasport.az saytının məlumatına görə, meydana çıxacaq 8 komandadan üçü ötən il də yarımfinal həyəcanı yaşayıb.

 

Belə ki, “Neftçi” ardıcıl 4-cü, “Xəzər Lənkəran” 3-cü, “Qəbələ” 2-ci yarımfinalının astanasındadı. Lakin son iki komanda ilk matçda uduzduğundan finalın bir addımlığınadək irəliləyəcəyi inandırıcı deyil. “Neftçi” isə səfərdə qənaətbəxş nəticə ilə istəyinə çata bilər.

 

“Ağ-qaralar” bunu bacarsa, 14-cü dəfə ən güclü 4 komanda arasında olacaq. Bu da mütləq rekorddu. Mümkün yarımfinal “Qarabağ” üçün 12-ci olacaq. “Bakı” ilə “Xəzər Lənkəran”ın hərəyə 8, “İnter”in 7, “Qəbələ”nin 3, AZAL-ın cəmi 2 yarımfinalı olub. “Simurq” isə ilk dəfə buna nail olmağa yaxındı.