“Ruslan Abışovun “Neftçi”yə keçəcəyi barədə xəbərləri təsdiqləyiblərsə, daha məndən niyə soruşursuz? Kim təsdiqləyibsə, qoy, o da ətraflı danışsın. Mən bu barədə danışa bilmərəm”. Bu sözləri apasport.az saytına açıqlamasında “Neftçi”nin məşqçisi Bəxtiyar Musayev deyib.
“Qəbələ”nin və milli komandanın üzvü Ruslan Abışov karyerasını doğma klubu “Neftçi”də davam etdirə bilər. Təcrübəli futbolçudan cavab gözləyən “ağ-qaralar” bu keçidi nəyin bahasına olursa-olsun, həll etmək niyyətindədilər.
Abışov məsələsi ilə bağlı sualdan yayınan Musayev “Neftçi”nin bir neçə futbolçu ilə danışıq apardığını qeyd edib: “Danışıq apardığımız futbolçular var. Siyahı tərtib etmişik. Amma onları indidən açıqlaya bilmərəm. Müqavilə imzalayandan sonra adlarını çəkə bilərik”.
Qeyd edək ki, “Neftçi”nin yetirməsi olan Ruslan Abışov karyerası ərzində “Qəbələ”dən öncə “Xəzər Lənkəran” və “Rubin” klublarının da formasını geyinib.