“Özil gələ, Sneyder gedə bilər”
04.06.2014 - 23:28
“Özil gələ, Sneyder gedə bilər”

 

“Qalatasaray” futbol klubu çoxlarının gözləmədiyi transfer üçün çalışır. Apasport.az saytının məlumatına görə, İstanbul klubu “Arsenal”ın və Almaniya millisinin türk əsilli oyunçusu Məsud Özili gətirmək istəyir.

 

“Qalatasaray” camiəsinin ən nüfuzlu şəxslərindən olan Əhməd Özdoğan klubun 2 xarici futbolçu almaq istədiyini və bunun üçün qurbanlara da hazır olduğunu bildirib: “Mən deyirəm ki, “Qalatasaray” Sneyderi və dünya çempionatında yaxşı oyun göstərdiyi təqdirdə Musleranı da satar. Çox ciddi mənfəət əldə edə bilər. Belə vəziyyətdə “Qalatasaray”ın üzünü çevirəcəyi futbolçu Məsud Özildir. Klubla danışıqları da olub. Bu, artıq məlum məsələdir. Yüzdə yüz doğru xəbərdir. Sneyderə də çox ciddi təkliflər gəldiyinə inanıram. Özil gələ bilər, Sneyder gedə bilər”.

 

Özdoğan Mançinin də qalıb-qalmaması məsələsinə toxunub: “Dünya çempionatından sonra istədiyi transferlər həyata keçirilməsə, gedə bilər. Bir siyahı verib. Həmin siyahıdakı futbolçular alınmasa, təzminatından da keçərək, gedə bilər. Mançinini Avropadak bir çox klublar istəyir”.

 

Bu arada Sneyderin meneceri Quido Albers hollandiyalı oyunçunun atası ilə bir yerdə İstanbulda olub. Onların başqan Ünal Aysalla görüşərək, Sneyderə gələn təklifləri göstəriblər.

 

 

 

0