“Pantiç dedi ki, “Qarabağ”la oyunu yaddan çıxarın” - MÜSAHİBƏ
10.03.2014 - 15:05
“Pantiç dedi ki, “Qarabağ”la oyunu yaddan çıxarın” - MÜSAHİBƏ

“Bakı”nın qapıçısı Aqil Məmmədovun apasport.az saytına müsahibəsi

- Premyer Liqanın XXV turunun “Qarabağ”la oyunu ilə bağlı nə deyə bilərsiz? Buraxdığınız qollarda qapıçı kimi hansı səhvləriniz oldu?
- Biz də bilirdik ki, çətin oyun olacaq. Rəqibimiz turnir cədvəlinə başçılıq edən komandadır. Amma beləsini də gözləmirdik. Qollara gəldikdə, ilk qol standart vəziyyətdən “doqquzluğ”a vuruldu. Həmin epizodda fikrimcə, qapıçılıq heç nə yox idi. İkinci qol zamanı top rəqibin ayağına “oturdu”. Həm də zərbədən sonra top futbolçuya dəyib bir qədər yüksəldi. Yerlə gəlsə idi, tutacaqdım.

- Bu məğlubiyyəti sizin üçün “sürpriz” hesab etmək olarmı?
- Əlbəttə, bunu gözləmirdik. Ancaq bu, “Bakı”nın sonu deyil. Böyük hesabla uduzsaq da, çempionat davam edir. Əksinə, bu, yaxşı oyunlarımız üçün başlanğıcdır. Nəticə çıxaracağıq. Həyat davam edir.

- Qış fasiləsindən sonra məğlub olmayan 2 komandadan biri idiniz. Bu cür uğurlu seriya yaxaladığınız bir vaxtda 4 cavabsız topla yenilmək çox deyildi?
- Düz deyirsiz, bu hesabla uduzmaq... Həmin gün “Qarabağ”ın günü idi. Həqiqətən yaxşı oynadılar.

- “Bakı”nın heç nə ilə yadda qalmaması nədən irəli gəlirdi? Çünki oyun zamanı müdafiəçilər də çox zəif təsir bağışladı...
- Razılaşıram, müdafiədə də çox səhvlər buraxdıq. Nə isə, bu oyunu unutmalıyıq.

- Ölkə kubokunun 1/4 final mərhələsi çərçivəsində “Rəvan”la qarşılaşacaqsınız. Bu nəticə həmin oyuna təsir edə bilərmi?
- Çalışacağıq, yaxşı hazırlaşacağıq. Təbii ki, məqsədimiz mərhələ adlamaqdır. “Qarabağ”a məğlubiyyətin hansısa şəkildə təsirinin olacağına inanmıram. Çünki bu oyun artıq geridə qaldı. Unutmalıyıq. Yaxşı nəticə əldə edəcəyimizə inanıram.

- Oyundan sonra baş məşqçiniz Milinko Pantiç biabırçı nəticəyə görə futbolçulara nə dedi?
- Pantiç dedi ki, bu oyunu yaddan çıxarın.

- Hansısa irad bildirmədi?
- Heç bir irad səsləndirmədi. Sadəcə, kubok oyununu fikirləşməli, buna görə də bu gün baş verənləri yaddan çıxarmalı olduğumuzu dedi.

0