“Qalatasaray”ın “Çelsi” sınağı
24.02.2014 - 14:04
“Qalatasaray”ın “Çelsi” sınağı

Bu həftə keçiriləcək qarşılaşmalarla Çempionlar Liqasında 1/8 final mərhələsinin ilk oyunlara yekun vurulacaq. Apasport.az saytının məlumatına görə, ötən həftə baş tutan 4 görüşlə start götürən mərhələnin 2 matçı sabah, 2-si isə ertəsi keçiriləcək.

 

1/8 finalın arxada qalan oyunlarında qonaqların aşkar üstünlüyü qeydə alınmışdı. Bütün qarşılaşmalarda uduzan meydan sahibləri hətta qol da vura bilməmişdilər. Bu həftə baş tutacaq matçların da favoritləti qonaqlar olduğundan, ənənənin davam edəcəyi inandırıcı görünür.

 

Meydan sahibləri arasında ən şanslısı sabah “Mançester Yunayted”i qəbul edəcək “Olimpiakos”dur. Düzdür, İngiltərə klubu indiyədək 4 dəfə görüşdüyü rəqibini həmişə üstələyib. Üstəlik, mançesterlilər bu matçlarda azı 2 qol vurublar. Lakin bütün bu qələbələr Aleks Ferqyussonun baş məşqçiliyi dövrünə təsadüf edib. İndiki “Mançester Yunayted” isə qeyri-sabit çıxışı ilə rəqibinə az da olsa, şans yaradır.

 

“Zenit”i qəbul edəcək “Borussiya”nın qələbəsi də inandırıcıdır. İndiyədək heç vaxt Rusiya klublarına uduzmayan Dortmund təmsilçisinin də növbəti mərhələyə vəsiqəni indidən həll etməsi də mümkündür.

 

Azərbaycan azarkeşləri isə daha çox çərşənbə günü baş tutacaq “Qalatasaray” – “Çelsi” matçını gözləyəcək. London təmsilçisinin qapısına indiyədək qol vura bilməyən İstanbul klubu hər iki qarşılaşmada uduzub. Türkiyədə 5 cavabsız qol vuran “Çelsi” yenə səfərə favorit kimi yollansa da, “Qalatasaray” sensasiya etməyə çalışacaq.

 

İlk dəfə avrokuboklarda yolları kəsişən “Real”la “Şalke”nin oyununda da qonaqlar favorit olacaq. Qitənin ən nüfuzlu klub turnirini hamıdan çox qazanan Madrid təmsilçisi Almaniya klubu ilə görüşdə ciddi çətinliklə üzləşməməlidir.

 

Çempionlar Liqası, ilk oyunlar 
 

25 fevral (çərşənbə axşamı)
 

23:45. "Olimpiakos" (Yunanıstan) - "Mançester Yunayted" (İngiltərə)
21:00. "Zenit" (Rusiya) - "Borussiya" (Dortmund, Almaniya)

 

26 fevral (çərşənbə)


23:45. "Qalatasaray" (Türkiyə) - "Çelsi" (İngiltərə)
23:45. "Şalke" (Almaniya) - "Real" (Madrid, İspaniya)