“Qarabağ” ikinci heyətlə də güclüdü” – MÜSAHİBƏ
16.10.2014 - 17:00
“Qarabağ” ikinci heyətlə də güclüdü” – MÜSAHİBƏ

“Qəbələ” klubunun müdafiəçisi Pavol Farkaşın apasport.az saytına müsahibəsi

 

- Topaz Premyer Liqasının VIII turu çərçivəsində sabah “Qarabağ”la üz-üzə gələcəksiniz. Bu qarşılaşma barədə nə deyə bilərsiniz?

- Bizi çətin sınaq gözləyir. Rəqibin gücü hər kəsə bəllidi. İstənilən halda, öz oyunumuzu göstərməyə çalışacağıq. Mümkün qədər yaxşı oynayıb, 3 xalı qazanmalıyıq. Rəqibin doğma meydanda oynaması da onlar üçün bir üstünlükdü.

 

- Milli komandaların AVRO-2016-nın seçmə mərhələsindəki oyunlarına görə yaranan fasilədən necə istifadə etdiniz?

- Fasilə işimizə yaradı. Bəzi çatışmazlıqları aradan qaldırdıq. Amma rəsmi oyunlar üçün də darıxırdıq. İndi sevinirik ki, uzun fasilədən sonra sabah rəsmi oyuna çıxacağıq. Əgər belə uzun fasilədən sonra qələbə qazansaq, lap əla olar.

 

- Baş məşqçiniz Dorinel Muntyanu bu fasilənin komandalara pis təsir edəcəyini demişdi. Doğurdanmı belə oldu?

- Mən baş məşqçinin dediklərinə münasibət bildirmək istəmirəm. Fikrimcə, Muntyanu rəsmi oyunların keçirilməməyinə görə narahat olub. Yenə deyirəm ki, fasilə bizim üçün yaxşı oldu. Amma çox uzun çəkdi. Hardasa 20 günə yaxın vaxt ərzində çempionat olmadı. Digər ölkələrdən fərqli, biz sonuncu oyunumuzu sentyabrın 28-də keçirmişdik.

 

- VII turda “Xəzər Lənkəran”a qarşı matçda qapınızdan kobud səhv nəticəsində qol buraxmışdınız. Ümumiyyətlə, “Qəbələ”nin müdafiə xətti inamlı təsir bağışlamır. Bunun səbəbi nədir?

- Razıyam, müdafiə xəttimizdə problemlər var. “Xəzər Lənkəran”la oyunda rəqibin vurduğu qolda da çox kobud səhvə yol verdik. Amma futbolda belə şeylər olur. Fasilədə də ən çox müdafiədəki səhvlərimizi aradan qaldırmağa çalışdıq. İnanıram ki, qarşıdakı turlarda siz bunu görməyəcəksiniz. Əgər qələbələr qazanmaq istəyiriksə, “Xəzər Lənkəran”la matçdakı kimi səhvlər etməməliyik.

 

- “Qarabağ” Avroliqada oynadığı üçün Topaz Premyer Liqasına tam diqqət yetirə bilmir. Onların ifasında bunu əvvəlki turlarda görmüşük...

- Düşünmürəm ki, “Qarabağ” çempionata ciddi yanaşmır. Çünki onların heyətinə baxsaq, eyni zamanda meydanda mübarizə aparacaq iki eyni gücdə heyətləri var. Yəni, rəqib ikinci heyətlə də güclüdü, meydana qələbə üçün çıxacaqlar. Məncə, “Qarabağ” – “Qəbələ” maraqlı qarşılaşma olacaq.

 

- Azərbaycan çempionatında debüt ilinizdir. 7 turdan sonra istədiklərinizi görə bilmisiniz?

- Hər şey qaydasındadı. Sadəcə, komandamızın daha yaxşı çıxış etməsini istəyirəm. Çünki həm burada olan şəraitə və bizim potensialımıza görə bu nəticələrdən yaxşısını göstərməliyik. İnanıram ki, qarşıdakı turlarda vəzifəmizin öhdəsindən lazımınca gələcəyik.

 

- Azərbaycan milli komandasının oyunlarını izlədiniz?

- Baxdım. İtaliyaya ilə matçı baxsam da, Xorvatiya ilə oyunu izləyə bilmədim. Nəticəni bilirəm. Amma Azərbaycan çox çətin qrupa düşüb. İtaliya, Xorvatiya, Norveç və Bolqarıstan kimi komandalar yer alır.

 

Elsevər MƏMMƏDOV

0