Ardıcıl 5 ev oyununda qapısını toxunulmaz saxlayan “Qarabağ” Azərbaycan klublarının avrokuboklardakı rekordunu təkrarlaya bilər. Apasport.az saytının məlumatına görə, bunun üçün ağdamlılar Avropa Liqasının qrup mərhələsinin IV turunun “Monako” ilə sabahkı oyununda da qol buraxmamalıdı.
Cari mövsümdə Çempionlar Liqasında Monteneqronun “Rudar” və Şotlandiyanın “Seltik” (hər ikisi 0:0), Avropa Liqasının pley-off mərhələsində İsveçrə “Yanq Boyz”u (3:0), qrupda Belçika “Anderlext”i (1:0) ilə matçlarda da evdə qapısında qol görməyən təmsilçimizin 2014-cü ilin sonunda Bakıda İtaliya “İnter”i ilə oyunda başladığı seriyası hazırda 5-ə bərabərdi.
Qurban Qurbanovun yetirmələri öz meydanında son qolu 2014-cü il noyabrın 6-da Ukrayna “Dnepr”i ilə matçın 73-cü dəqiqəsində buraxıb. Nikola Kaliniçin qolundan sonra isə ağdamlılar 467 dəqiqədi evdə qapısından top keçməsinə imkan vermir.
Bu göstərici “Neftçi”yə məxsus ölkə rekordundan 1 oyun azdı. Bakılılar avrokuboklardakı ardıcıl 6 ev oyununu qol buraxmadan tərk edib. “Ağ-qaralar” buna 1999-2007-ci illərdə nail olub.