“Qarabağ” avrokuboklarda uğursuz seriya ilə üzləşib. Apasport.az saytının məlumatına görə, Ağdam təmsilçisi ev oyunlarında qol vurmaq və qələbə qazanmaq sarıdan ciddi problem yaşayır.
Ötən il iyulun 30-da Avstriyanın “Zalsburq” klubunu 2:1 hesabı ilə məğlub edən təmsilçimiz Çempionlar Liqasının III təsnifat mərhələsinin həmin matçından sonra öz meydanında azarkeşlərinə qələbə sevinci yaşatmayıb.
372 gündü öz meydanında qalib gəlməyən “Qarabağ” bu müddətdə 6 oyun keçirib. Cəmi 1 qol vuran komandamızın orta məhsuldarlığı çempiona yaraşmayan həddədi - 0,17. Bu qol da Ukrayna “Dnepr”i ilə görüşdə qeydə alınıb. Həmin qarşılaşmada ağdamlılar 1:2 hesabı ilə uduzub.
“Qarabağ”ın son 6 ev oyunundan 5-ə isə eyni hesab qeydə alınıb. Ötən mövsüm pley-offda “Tvente” (Hollandiya), qrupda “Sent-Etyenn” (Fransa) və “İnter” (İtaliya), cario mövsümdə “Rudar” (Monteneqro) və “Seltik”lə ev görüşləri 0:0 hesabı ilə nəticələnib. Ardıcıl 3 qarşılaşmadan qolsuz bərabərliklə ayrılan çempionumuz bu seriyanı ən yaxşı halda pley-offda qıracaq.