Maltanın “Valletta” klubunun müdafiəçisi Rayan Kamillerinin apasport.az saytına müsahibəsi
- Çempionlar Liqasının II təsnifat mərhələsində “Qarabağ”la qarşılaşacaqsınız. Püşk sizə asan, yoxsa çətin rəqib çıxardı?
- Çox çətin. “Qarabağ” haqqında məlumata malik deyildim. Amma püşkatmadan sonra internetdə rəqib haqda məlumat topladım. Fikrimcə, çox güclüdü. Düzdü, Çempionlar Liqasında ilk dəfə oynayacaqlar. Amma Avropa Liqasında uğur qazandıqlarından xəbərim var. Bu komandaya qarşı 2 çətin oyunumuz olacaq.
- “Qarabağ” haqda məlumat toplayarkən, diqqətinizi ən çox çəkən nə oldu?
- Heyətdə çox güclü futbolçuları var. Bizi həddindən artıq çətin mübarizə gözləyir.
- Ən çox hansı futbolçudan çəkinirsiniz?
- Reynaldodan, çox güclü bir futbolçudu. Onun oyunu doğurdan da mənə çox xoş gəldi. “Qarabağ”ın öz oyun tərzi var. Daha çox “Barselona”ya oxşar oynayırlar. Təbii ki, bu bizə çətinlik yaradacaq. Amma ümid edirəm ki, bizim üçün yaxşı olacaq. Riçard Almeyda da yaxşı futbolçudu. Bu iki futbolçunun oyununa baxdım, sonra adlarını internetdən tapdım. Bir sözlə, “Qarabağ” əla komandadı.
- Azərbaycan haqqında məlumatınız var?
- “Xəzər Lənkəran”ı tanıyıram. Çünki onlar keçən il “Sliema Uonderers”lə oynamışdılar. Həmin komandanı da bəyənmişdim. “Qarabağ” isə ölkənizin çempionudur. Deməli, hamısından güclüdür.
- Sözlərinizdən belə çıxır ki, “Qarabağ”dan ehtiyatlanırsınız...
- Hər halda, rəqib güclüdü. Çempionlar Liqası ölkə çempionatlarından fərqli turnirdi. Ona görə də burda başqa cür olacaq.
- “Qarabağ”ı favorit sayırsınız?
- Yox, Çempionlar Liqası böyük yarışdır. Burada hər ölkənin öz çempionu mübarizə aparır. Ona görə də “Qarabağ” və azarkeşləri hələ tələsməsinlər. Bilmək olmaz ki, mərhələni kim keçəcək.
Elsevər MƏMMƏDOV