Topaz Premyer Liqasının XXX turunda “Simurq”la qarşılaşacaq “Qarabağ” bu gün Zaqatalaya gedəcək. Klubdan apasport.az saytına verilən məlumata görə, komanda saat 14:00-da yola çıxacaq.
Aprelin 17-də çempionat, 21-də isə ölkə kubokunun yarımfinal mərhələsi çərçivəsində “Simurq”un qonağı olacaq “Qarabağ” Bakıya yalnız ikinci matçdan sonra qayıdacaq.
Ağdam klubu səfərə tam heyətlə yollanacaq. Zədəli Vüqar Nadirov və hərarəti olan Bədavi Hüseynov kubokda “Simurq”la ilk matçı buraxsalar da, artıq düşərgəyə qoşulublar. Onların çempionat oyununa qədər tam hazır olmaları gözlənilir.
Qeyd edək ki, ölkə kubokunun yarımfinal mərhələsinin ilk qarşılaşmasında “Qarabağ” Bakıda “Simurq”u 1:0 hesabı ilə məğlub edib.