Avropa Liqasının qrup mərhələsində Azərbaycan çempionu “Qarabağ”ın rəqibi olan Belçika “Anderlext”inin rəhbərliyi klubun bir qrup azarkeşləri ilə görüşüb. Apasport.az saytının məlumatına görə, görüşdə oktyabrın 1-də Bakıda baş tutan qarşılaşmada Brüssel təmsilçisinin izləmək üçün ölkəmizə gələn 50-yə yaxın fanat iştirak edib.
Böyük xərc çəkib, Azərbaycana gələn, sonda isə komandasının 0:1 hesablı məğlubiyyətinə üzülən belçikalıların qəzəbinə tuş gələn “Anderlext” həmin azarkeşlərə kompensasiya verməyi qərara alıb. Belə ki, klub rəhbərliyi “Qarabağ”a məğlubiyyəti canlı izləyən fanatlarına növbəti iki səfər oyununa bilet verib. Həmin azarkeşlər “Tottenhem” və “Monako” ilə Avropa Liqasının qarşılaşmalarına pulsuz bilet əldə ediblər.