Avropa Liqasının qrup mərhələsində yeganə təmsilçimiz “Qarabağ”ın rəqibi “İnter” baş məşqçisi Valter Matsarri ilə yollarını ayrırır. Apasport.az saytının məlumatına görə, A seriyasında “Kalyari”yə 1:4, “Fiorentina”ya isə 0:3 hesabı ilə uduzmasından sonra klub prezidenti Erik Tohir təcrübəli çalışdırıcını göndərir.
İtaliya mətbuatı iddia edir ki, milanlılar Matsarrinin əvəzinə komandanın “sükanı arxası”na hazırda “Sampdoriya”nı çalışdıran Sinişa Mihayıloviçi gətirəcək. Atrıq klub rəhbərliyi 45 yaşlı serbiyalı mütəxəssislə danışqlara başladığı da bildirilir.
Qeyd edək ki, ölkə çempionatının növbəti turunda baş tutacaq “Napoli” ilə oyunda “İnter” qələbə qazana bilməsə, o zaman Matsarri komandadan qovulacaq. Daha əvvəl isə onu “Mançester Yunayted”in sabiq çalışdırıcısı David Moyesin əvəzləyəcəyi iddia edilirdi.