“Qarabağ”la oyun ərəfəsində “Monako”da zədə epidemiyası
02.11.2015 - 15:48
“Qarabağ”la oyun ərəfəsində “Monako”da zədə epidemiyası

“Qarabağ”la oyunöncəsi “Monako”da heyətlə bağlı problemlər yaşanır. Apasport.az saytının Fransa mətbuatına istinadən məlumatına görə, baş məşqçi Leonardo Yardim Bakıya bir neçə aparıcı futbolçunu gətirməyə bilər.

 

Avropa Liqasının qrup mərhələsində Ağdam klubunun qonağı olacaq Knyazlıq təmsilçisi gənc yarımmüdafiəçi Tomas Lemarın xidmətindən məhrumdu. “Qarabağ”a qarşı oktyabrın 22-də Fransada keçirilən qarşılaşmada sağ ayağından zədələnən Lemarın tibbi müayinə zamanı bir ay yaşıl meydanlardan uzaq qalacağı məlum olub.

 

Yardimi narahat edən yeganə problem bu deyil. Məsələ burasındadı ki, müdafiəçilər Fabio Koentrao, Uollos, yarımmüdafiəçilər Adama Traore, Fares Bahluli, Temue Bakayoko, Nabil Dirar, Bernardo Silva və hücumçu İvan Kavalyero son vaxtlar zədədən əziyyət çəkən futbolçulardı. Onlardan hansının “Qarabağ”a qarşı Bakıda meydançaya çıxacağı hələ məlum deyil.

 

Qeyd edək ki, “Qarabağ” - “Monako” oyunu noyabrın 5-də Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək.