“Qarabağ”la oyunöncəsi “zədə epidemiyası”
22.02.2016 - 16:34
“Qarabağ”la oyunöncəsi “zədə epidemiyası”

Ölkə çempionatının III dövrəsində ilk qələbəsini “Kəpəz” üzərində qazanan “İnter” diqqətini artıq “Qarabağ”la oyuna yönəldib. Klubdan apasport.az saytına verilən məlumata görə, “bankirlər” Ağdam klubu ilə görüşün hazırlığına bu gün start veriblər.

 

Gəncə təmsilçisi üzərindəki qələbədən sonra komandada əhval-ruhiyyə yüksəkdi. Ancaq bir məqam Zaur Svanadzenin başçılıq etdiyi məşqçilər korpusunu narahat edir. Belə ki, bir neçə futbolçu zədədən əziyyət çəkir. Uzun müddətdi yaşıl meydanlardan uzaq düşən Rauf Əliyevlə yanaşı, daha 4 oyunçu “Qarabağ”la qarşılaşmanı buraxa bilər.

 

Cari mövsümdə “İnter”in əsas heyət üzvünə çevrilən Abbas Hüseynov hələ tam olaraq, sıraya dönməyib. “Kəpəz”lə matçda iştirak etməyən 20 yaşlı müdafiəçinin “Qarabağ”a qarşı oynamaq ehtimalı 50 faizdi. Onunla müqayisədə, digər gənc futbolçu Mirsahib Abbasovun isə ağdamlılarla matçı buraxacağı dəqiqləşib.

 

“İnter”in problemləri bununla bitmir. Svanadze yenə həmyerliləri – Zurab Xizanişvili və Laşa Kasradzenin xidmətindən yararlana bilməyəcək. Zədəli olan hər iki gürcüstanlı müdafiəçi hazırda öz ölkəsindədi. Xizanişvili kimi, Kasradze də müalicəsini Gürcüstanda davam etdirir.

 

Zurabın bu günlərdə Azərbaycana qayıdacağı bildirilir. Bununla belə, o, “Qarabağ”la oyunu buraxacaq. Kasradzenin isə müalicəsi yubandığından, o, “bankirlər”in düşərgəsinə bir qədər gec qoşulacaq.