“Qəbələ” – “Simurq”: Samir Zərgərov niyə cəzalandırıldı?
10.04.2015 - 15:55
“Qəbələ” – “Simurq”: Samir Zərgərov niyə cəzalandırıldı?

“Elvin Əsgərov həmin epizodda Samir Zərgərova haqlı sarı vərəqə göstərib. Hakimin qərarı doğrudu”. Bu sözləri apasport.az saytına açıqlamasında Hakimlər Komitəsinin sədri Xaqani Məmmədov deyib.

 

Ölkə çempionatının XXIX turunda keçirilən “Qəbələ” – “Simurq” matçının baş hakimi Elvin Əsgərovun idarəçiliyi futbol ictimaiyyəti tərəfindən birmənalı qarşılanmayıb. Əksəriyyət 79-cu dəqiqədə Əsgərovun “Simurq”un futbolçusu İlkin Qırtımova sarı vərəqə göstərməli olduğu halda, onun komanda yoldaşı Samir Zərgərovu nahaq yerə cəzalandırdığını düşünür. Epizodu hakimin səhvi kimi qiymətləndirənlər kifayət qədərdi.

 

Xaqani Məmmədov isə ittihamlarla razılaşmır. O, fikrini belə əsaslandırıb: “Hakimin qərarı səhv deyil. Sadəcə, televiziyadan yayımlanan rakursda epizodun əvvəli görünmədi, operatorlar həmin anı “tuta” bilmədilər. İlk baxışdan mən də dedim ki, bu, niyə İlkini yox, Samiri cəzalandırdı? Amma oyunun təhlilini apararkən bir neçə video-çəkilişdən həmin epizodu izlədim və əmin oldum ki, Əsgərov doğru qərar qəbul edib. Məsələ burasındadı ki, orda qaydanı birinci Samir pozur, sonra onun komanda yoldaşı İlkin də “Qəbələ”nin futbolçusuna qarşı kobud oynayır. Hakim də məhz birinci qayda pozuntusunu əsas götürərək, Samiri sarı vərəqə ilə cəzalandırıb. Yəni vərəqəni doğru adama göstərib. Bizdə qaydadı, məsələni dəqiqləşdirməmiş tənqid edirlər. Yaxşı olar ki, dəqiqləşdirib, sonra irad tutsunlar”.

 

Qeyd edək ki, “Qəbələ” – “Simurq” qarşılaşması ev sahiblərinin minimal hesablı (1:0) qələbəsi ilə başa çatıb.