Milli komandamızın seçmə oyunları ilə əlaqədar çempionatda yaranan fasilədən maksimum yararlanmağa çalışan “Qəbələ”nin hazırlıq planlarına tam aydınlıq gəlib. Klubun meneceri Səbuhi Səfiyarlının apasport.az saytına verdiyi məlumata görə, “qırmızı-qaralar” bu müddətdə 2 yoxlama oyununa çıxacaq.
Əsas milli və U-21-in hər birinə 3 futbolçu verən “Qəbələ” məcburiyyətdən əvəzedici komandadan futbolçuları heyətə cəlb edib. Məhz ilk oyun da oktyabrın 5-də qarışıq 2 heyət arasında keçiriləcək. Daha sonra “Simurq” “Qəbələ”yə dəvət olunacaq. Zaqatala təmsilçisi ilə yoxlama görüşü oktyabrın 9-da keçiriləcək. Ertəsi gün istirahət edəcək “Qəbələ” 1 gündən sonra Topaz Premyer Liqasının VIII turunun “Qarabağ”la səfər matçının hazırlıqlarına başlayacaq.
Qeyd edək ki, “Qəbələ” artıq cari mövsüm “Simurq”la bir dəfə üz-üzə gəlib. Sentyabrın 13-də Topaz Premyer Liqasının V turu çərçivəsində Zaqatalada keçirilmiş görüşdə qonaqlar 2:1 hesabı ilə qalib gəlmişdi.