“Qəbələ” Futbol Akademiyasının məşqçi heyəti nəzəri və praktiki biliklərinin artırılması məqsədilə ölkə xaricində səfərə yollanacaq. Apasport.az saytının məlumatına görə, əyalət təmsilçisinin nümayəndə heyəti martın 12-dən 17-dək Fransanın “Lion” klubunun qonağı olacaq.
Sabah başlayacaq səfərə yollanan heyətdə akademiyanın hollandiyalı direktoru Stenli Brard və onun müavini Nail Kərimov, eləcə də akademiyanın yuxarı yaş qruplarında çalışan məşqçilər Famil Xəlilov (U-17), Zaur Hacıyev (U-16), Hüseynqylu Quliyev (U-15) və Xaqani Məmmədov (U-14) yer alıb. Onların səfərində məqsəd Avropanın aparıcı klublarından olan “Lion”un fəaliyyəti istiqamətləri ilə yaxından tanış olmaqdır.
“Qəbələ” nümayəndələrinin səfər proqramı da bəllidir. Onlar Lion təmsilçisinin futbol akademiyasının fəaliyyəti ilə tanış olacaq, müxtəlif yaş qruplarının məşqlərini izləyəcək və yerli mütəxəssislərlə təcrübə mübadiləsi aparacaqlar. Bundan başqa nümayəndələr Fransa klubunun əsas komandasının 2 matçını canlı izləyəcəklər.
Fransa çempionatının “Lion” – “Monako” oyununa stadiondan tamaşa edəcək “Qəbələ”nin nümayəndə heyəti Avropa Liqasının 1/8 final mərhələsinin “Lion” - “Viktoriya” (Plzen,Çexiya) matçına da yerli arenadan baxacaqlar.
Qeyd edək ki, səfər üçün “Lion” klubunun seçilməsi təsadüf deyil. Belə ki, Lion təmsilçisinin futbol akademiyası Avropada analoji təsisata malik ən yaxşı 5 klub sırasındadır. Bu klubun futbol akademiyası Avropa ölkələrinə peşəkar futbolçu ixracına görə “Barselona”dan sonra 2-cidir. Dəfələrlə Fransa çempionatının qalibi olan və ölkə kubokunu qazanan “Lion”un əsas komandasının hazırkı heyəti klubun futbol akademiyasının yetirmələrindən təşkil olunub.