Avroliqa və növbəti mövsümünün hazırlıqlarını davam etdirən “Qəbələ” heyətini gücləndirməkdə davam edir. Apasport.az klubun rəsmi saytına istinadən xəbər verir ki, “radarlar” Ruslan Əmircanovun ardından daha iki futbolçu ilə müqavilə imzalayıb. Rumıniyalı vinger Andrey Kristea və dayaq yarımmüdafiəçisi Adrian Ropotan növbəti mövsümdə “Qəbələ”nin formasını geyinəcəklər. Hər iki oyunçu ilə 1 illik müqaviləyə qol çəkib.
30 yaşlı Kristea hücumçu, bəzən hücumameylli yarımmüdafiəçi kimi çıxış edir. Vaxtilə Rumıniyanın aşağı yaş yığmalarında da oynamış Andrey ölkəsinin əsas komandasında 2006-cı ildə debüt edib. Rumıniyalı əsas millidə 10 matç keçirib. Son mövsümü “Braşov”da keçirən Kristea bunadək “Bakau” (2001-04), “Styaua” (2004-06), “Politexnika” (Timişoara, 2006-08), “Politexnika” (İaşi, 2008 və 2009), “Dinamo” (Buxarest, 2008-10 və 2012-13) çıxış edib. 2011/12 mövsümündə legioner həyatı yaşayan Andrey Almaniyada “Karlsrue”nin formasını geyib. 2009/10 mövsümündə “Dinamo”da 16 qol vuran Kristea Rumıniya çempionatının bombardiri adını qazanıb. Bundan başqa isə onun hesabında 2 ölkə çempionluğu və 1 dəfə Superkubokun qalibi titulu var.
Digər rumıniyalı Ropotan isə dayaq yarımmüdafiəçisidir. Ölkəsinin əsas yığmasında 2008-ci ildə debüt edən futbolçu bu komandada 5 matça çıxıb. Bunadək isə Rumıniyanın U-21 millisinin şərəfini qoruyub. Buxarest “Dinamo”sunun yetirməsi olan yarımmüdafiəçi 2005-09-cu illərdə bu komandanın formasını geyib. Son 5 ili Rusiyada legioner həyatı yaşayan Ropotan Moskva “Dinamo”su (2009-12) və Nijni Novqorod “Volqa”sı (2013-14), həmçinin icarə əsasında “Tom”un (2011-12) uğurları üçün çalışıb.
Qeyd edək ki, legionerlər bu gündən komandanın məşqlərinə qatılacaq.