“Qəbələ”nin rəqibi: “Mavilər”, 43 yaşlı baş məşqçi...
23.06.2014 - 16:08
“Qəbələ”nin rəqibi: “Mavilər”, 43 yaşlı baş məşqçi...

Ölkəmizi ilk dəfə avrokuboklarda təmsil edəcək “Qəbələ”nin ilk rəqibi məlumdur. Apasport.az saytının məlumatına görə, “qırmızı-qaralar”ın Avropa miqyaslı yarışlarda ilk rəqibi Bosniya və Hersoqovinanın “Şiroki Briyeq” klubu olub.

 

1948-ci ilin yazında yaradılmış bu klub Şiroki Briyeq şəhərciyini təmsil edir. Bu komanda Bosniya və Herseqovina Yuqoslaviyanın tərkibində olduğu vaxt elitada yox, yalnız regional turnirlərdə iştirak edib. Müstəqillik dönəmində isə ölkədə daxili münaqişələrlə bağlı bir neçə il çempionat keçirilməyib. Ölkədəki müsəlman, xorvat və serblər arasında milli və dini ayrılıq ölkəni 3 yerə parçalayıb. Bu klub ilk vaxtlar 1994-98-ci illərdə ölkənin xorvatlara aid hissəsində keçirilən birincilikdə iştirak edib və bu regionda hər il ən güclü olub. 2000-ci ildən isə müsəlmanlarla xorvat klublarının iştirakı ilə birgə çempionat keçirilib. 2002-ci ildən bura serb komandaları da qatılıb. Həmin vaxtdan bu yana “Şiroki Briyeq” 2 dəfə ölkə çempionu olub və 2 dəfə ölkə kubokunun qalibi adını qazanıb.

 

Komandanı 2 gün əvvəl 43 yaşını tamamlayan Slaven Musa çalışdırır. O, 2012-ci ilin avqustun 13-dən bu klubun baş məşqçisidir. “Şiroki Briyeq”də Mirko Mariç, Zvonimir Blaiç, Zoran Plazoniç kimi xorvatiyalı futbolçular, eləcə də Vaqner Laqo və Uqo Aleşandrino kimi braziliyalılar çıxış edir. Xorvatiyaya yaxın olan ərazidə yerləşdiyi üçün bu ölkənin bayrağındakı ağ-qırmızı şahmatvarı nişanə “Şiroki Briyeq”in gerbində də əks olunub. Heyətdəki futbolçuların əksəri də milliyyətcə xorvatlardır.

 

“Şiroki Briyeq” “Neftçi” tərəfindən Çempionlar Liqasının I təsnifat mərhələsində uzaqlaşdırıldığı 2004/05 mövsümündən etibarən Bosniya və Herseqovinanı ardıcıl avrokuboklarda təmsil edir. Ümumilikdə Avropada 40 oyun keçirən “mavilər” bu görüşlərin 15-də qələbə qazanıb, 19-da məğlub olub. 6 görüşdə isə heç-heçə qeydə alınıb. Top fərqi isə 46:60-dır.

 

Komanda ötən mövsüm kubok qalibi kimi Avroliqanın II təsnifat mərhələsində Pavlodar “İrtış”ını keçsə də, “Udineze” səddinə ilişmişdi. Bosniyalılar udinelilərə 1:3 və 0:4 hesabları ilə yenilərək pley-offa vəsiqə qazana bilməmişdi.

 

“Şiroki Briyeq” ev oyunlarını “Petsara” stadionunda keçirir. Bu stadionun tamaşaçı tutumu 10 min göstərilsə də, əslində 8 minlik azarkeşi qəbul edə bilir.

0