“Qəbələ”nin sabiq yarımmüdafiəçisi Lorentso Ebesilio Rusiyanın “Mordoviya” klubuna baxışa yollanıb. Apasport.az saytının məlumatına görə, futbolçu hazırda “Metallist”dən gələn mərkəz yarımmüdafiəçisi Andrey Boqdanov ilə birgə Saransk klubunun Türkiyə düşərgəsində baxışdadır.
Ancaq Ebesilionun Rusiya Premyer Liqasının debütantında çıxış edəcəyi şübhə doğurmur. Çünki “Mordoviya”nın baş məşqçisi Yuri Syomin “Alkmar” və “Ayaks”ın yetirməsi olan hollandiyalını Donetsk “Metallurq”unda oynadığı vaxtlardan tanıyır. Ebesilio ötən yay məhz onun təşəbbüsü ilə “Qəbələ”yə transfer olunmuşdu.
Qeyd edək ki, “Mordoviya” “Qəbələ”nin sabiq oyunçularından seneqallı İbrahima Niasse ilə artıq 2 illik müqavilə bağlayıb. Klubun transfer hədəfində Marat İzmaylov, Rauf Əliyev və Reynaldo kimi futbolçular da var.