“Gələcək karyeramla bağlı qərarımı hələ verməmişəm”. Apasport.az saytının məlumatına görə, bu sözləri “Qəbələ”dən ayrılan rumıniyalı futbolçu George Floresku deyib.
Təcrübəli yarımmüdafiəçinin Azərbaycanı tərk etdikdən sonra karyerasını ölkəsinin “Astra” klubunda davam etdirəcəyi gözlənilsə də, hələ ki, bu keçid rəsmiləşməyib.
Bununla bağlı Rumıniya mətbuatına danışan Floresku müxtəlif ölkələrdən təkliflər aldığını bildirib: “Kiprdən konkret təklif almışam. Deyərdim ki, 100 faizlik təklifdi. Ancaq onlara cavabımı deməmişəm. Kipr klubundan 1 həftə vaxt istəmişəm. Bundan əlavə, Rusiya və Türkiyə komandaları da xidmətimdə maraqlıdı”.
Hazırda azad agent statusu daşıyan 32 yaşlı xavbekin arzusu Rumıniyaya qayıtmaqdı: “Karyeramı yenidən Rumıniya çempionatında davam etdirmək istəyindəyəm. Məqsədim titullar uğrunda mübarizə aparan komandaya keçməkdi. “Astra” mümkün variantlardan biridi. Lakin bu məsələ hələlik dəqiqləşməyib. Klub prezidenti Dani Komanın cavabını gözləyirəm. Onun cavabından asılı olaraq, qərarımı verəcəm”.