“Real”a verilən transfer qadağasının səbəbi məlum olub. Apasport.az-ın klubun rəsmi saytına istinadən məlumatına görə, “kral klubu” 18 yaşı tamam olmamış 8 oyunçunun keçidində qanun pozuntusuna yol verdiyi üçün iki dönəm transfer etməmə cəzası alıb.
Maraqlıdı ki, həmin oyunçular arasında Madrid təmsilçisinin yeni baş məşqçisi Zinəddin Zidanın oğlanları da var. Bunu klubun baş direktoru Xose Anxel Sançes də təsdiqləyib: “Bəli, həmin 8 oyunçudan 2-si Zidanın oğlanlarıdı. Həmçinin “Zenit”də çıxış edən Ezekyel Qarayın kiçik qardaşının da adı bu siyahıda var. Biz qanunsuz bir iş görməmişik. İnanırıq ki, məsələyə İdman Arbitraj Məhkəməsinə getməmiş FİFA tərəfindən bizi sevindirəcək şəkildə son qoyulacaq”.
Qeyd edək ki, FİFA-nın dünən açıqladığı cəzaya əsasən, “Real” bu ilin yay və gələn ilin qış “transfer pəncərəsi” dönəmində heyətinə yeni oyunçu cəlb edə bilməyəcək.