“Real”dan tarixi qələbə
09.12.2015 - 09:25
“Real”dan tarixi qələbə

İspaniyanın “Real” klubu Çempionlar Liqasında özünün ən böyükhesablı qələbəsini qazanıb. Apasport.az saytının məlumatına görə, qrup mərhələsinin VI turunun “Malmö” (İsveç) ilə qarşılaşmasında 8:0 hesablı qələbə qazanan Madrid klubu bu turnirdə belə uğur qazanmamışdı.

 

“Real”ın əvvəlki rekordu 2002-ci ildə müəyyənləşmişdi. Həmin vaxt madridlilər Belçika “Genk”ini 6:0 hesabı ilə məğlub etmişdi.

 

“Kral klubu”nun avrokuboklarda ən böyük hesablı qələbəsi isə 1961-ci ildə qeydə alınıb. Çempionlar kubokunun oyununda Danimarka “Odense”si 9 cavabsız qolla məğlub edilib.

 

Çempionlar Liqası tarixində 3-cü dəfə bir komanda eyni matçda 8 qol vurub. 2003-cü ildə “Monako” (Fransa) “Deportivo”nu (İspaniya) 8:3, 2007-ci ildə “Liverpul” (İngiltərə) “Beşiktaş”ı (Türkiyə) 8:0 hesabı ilə məğlub edib.

 

Bu matç başqa rekordla da əlamətdar olub. Çempionlar Liqası tarixində ilk dəfə bir oyunda 2 futbolçu 3 və ya daha çox qol vurub. Madriddəki oyunda Kriştianu Ronaldo pokerə, Kərim Benzema het-trikə imza atıb.