Çempionlar Liqasının 1/8 final mərhələsinin cavab oyunları çərçivəsində keçirilən “Bavariya” (Almaniya) – “Şaxtyor” (Ukrayna) qarşılaşması rekordlarla əlamətdar olub. Apasport.az saytının məlumatına görə, 0:7 hesabı ilə uduzan qonaqlar avrokuboklar tarixinin ən böyükhesablı yenilgisini alıb.
Bunadək Donetsk klubu ən pis halda 4 top fərqi ilə uduzmuşdu. Ukraynalılar bu darmadağınadək ən ağır məğlubiyyətini 0:4 və 1:5 hesabı ilə almışdı.
“Şaxtyor” Çempionlar Liqası turnirinin tarixində ilk komanda oldu ki, eyni mövsümdə 7:0 hesabı ilə həm udub, həm uduzan ilk komanda olub. Mirça Luçeskunun yetirmələri qrup mərhələsinin 2014-cü il oktyabrın 21-dəki görüşündə BATE-ni 7:0 hesabı ilə üstələmişdi.
“Bavariya”nın bu qələbəsi Çempionlar Liqasının pley-off mərhələsinin ən böyük hesabıdı. Bunadək 7 top fərqilə qələbə qazanmağı bacaran yeganə komanda olan Münhen təmsilçisi 2011/12 mövsümündəki rekordunu təkrarlayıb. Həmin vaxt “Bavariya” “Bazel”i 7 cavabsız qolla keçmişdi.
Almaniya təmsilçisi 14-cü dəfə Çempionlar Liqasının 1/4 finalına yüksəlib. Bununla da Avropa rekordu müəyyənləşdirən “Bavariya” hərəyə 13 belə uğuru olan “Real”la “Mançester Yunayted”i arxada qoyub. 1/8 finalı adlasa, “Barselona” da 13-ə çatacaq.