Ukraynanın “Şaxtyor” futbol klubunun altı futbolçusu komandanı özbaşına tərk edib. Apasport.az saytının məlumatına görə, “Canal+” olayın Fransanın Ansi şəhərində yoldaşlıq görüşündən sonra baş verdiyini bildirib.
Telekanalın məlumatına görə, “Şaxtyor” «Lion»a 4:1 hesabı ilə məğlub olandan sonra altı oyunçu komandadan qaçıb. Bunlar braziliyalılar Aleks Teyşeyra, Fred, Dentinyo və Duqlas Kosta, argentinalı Fakundo Ferreyradır. Altıncı futbolçunun adı bildirilməsə də, onun da legioner olduğu məlumdur.
Futbolçular ölkədəki gərgin vəziyyət səbəbindən Ukraynaya qayıtmaq istəmirlər. Onların agentləri artıq komanda axtarışına başlayıblar.