“Simurq” daha 3 əcnəbisi ilə vidalaşır
06.05.2015 - 12:02
“Simurq” daha 3 əcnəbisi ilə vidalaşır

“Simurq”da ayrılıqlar davam edir. Apasport.az saytının əldə etdiyi məlumata görə, daha 3 əcnəbi futbolçu öz ölkəsinə yollanmağa hazırlaşır.

 

Söhbət qapıçı Pavel Kapsa və müdafiəçilər Adam Banaşla İdan Vaytsmandan gedir. Hər üç oyunçunun çemodanı artıq hazırdı və onlar sənədlərini gözləyirlər. Adıçəkilən futbolçular ən geci Premyer Liqanın XXXIV turu çərçivəsində mayın 15-də “Bakı” ilə keçiriləcək qarşılaşmadan sonra öz ölkələrinə qayıdacaqlar.

 

Pavel Kapsa artıq “Simurq”da oynamayacağını, onsuz da, öncədən demişdi. Təsadüfi deyil ki, Premyer Liqanın son iki turunda Zaqatala klubunun qapısını Amil Ağacanov qoruyub. İdan Vaytsman isə zədədən əziyyət çəkir. Yalnız Adam Banaş müntəzəm çıxış edir ki, o da zədələnməkdən ehtiyatlanır.

 

Kapsa, Vaytsman və Banaşa ispaniyalı Xuan Albertonun da qoşulması istisna deyil. Əcnəbilərdən yalnız hücumçu Draqan Çeranın mövsümün sonuna qədər “Simurq”da qalması gözlənilir.

 

“Simurq”un polşalı qapıçısı Pavel Kapsa apasport.az saytına açıqlamasında karyerasını öz vətənində davam etdirəcəyini istisna etməyib: “Digər futbolçular kimi, mən də gələcək karyeramı düşünürəm. Maraqlanan klublar var, amma heç biri Azərbaycan təmsilçisi deyil. Polşaya qayıtmaq şansım daha çoxdu. Ancaq digər ölkələrdən də təkliflər gəlir. Məndən olsa, karyeramı Azərbaycanda davam etdirmək istərəm. Amma təklif olmayandan sonra nə edə bilərəm”.

 

Qeyd edək ki, buna qədər Benjamin Lambot, Patrik Osiako, Cihan Özkara, Əli Gökdəmir, Stepan Polyak və Marko Stanoyeviç “Simurq”la vidalaşıblar.

 

Ruslan SADIQOV